Nemət Əliyev : “Manatın “ölməsi” özü ilə növbəti bahalaşma dalğası gətirir”

  • By admin
  • 03 Avqust 2016 12:13

nemet-eliyev

 

“Rəsmi mənzənnəyə görə bu gün 1 dollar 1,5915 manatdır. Bu günkü fəaliyyətinə görə az qala valyuta dəyişmə məntəqələrinə dönən kommersiya banklarında isə dolların alış-satış qiyməti 1.62-1.65 manat aralığında dəyişir. 2 ay 10 gündə manat 7-9% dəyərini itirib. Manatın “ölməsi” özü ilə növbəti bahalaşma dalğası da gətirir. Əgər satış nöqtələrində vitrinlərinə diqqət edirsinizsə, bir sıra ərzaq mallarının qiymətlərində son günlər bahalaşma yaşanır”.

Gununsesi.info-nun məlumatına görə, bunu iqtisadçı-ekspert Nemət Əliyev dilə gətirib. Onun sözlərinə görə, Mərkəzi Bankın yanlış pul-kredit, o cümlədən məzənnə siyasəti daxili bazarlarda böyük çəkiyə malik olan idxal mallarının bahalşması zərurətini yaradıb. O, deyib ki, istehsal ehtiyacları xaricdən asılı olan yerli istehsal müəssisələri də belə addım atmaq məcburiyyətindədir:

“İşığın, suyun qiymətini bahalaşdırmaqla digər yerli malların qiymətlərinin bahalaşmasına rəvac verəın Tarif Şurasının qərarlarını da saya alsaq, o zaman ölkə boyu yaşanacaq bahalaşmanın miqyasını aydın təsəvvür etmək mümkündür.

Bundan sonrakı dövrdə manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır. Deməli, növbəti bahalaşma da çox realdır. “Proses başlanıb” da demək olar. Amma bizi gözləyən çətinliklər yalnız bununla bitmir. Milli valyutanın hər gün dəyər verməsi dövriyyədə olan, yəni sahibkarların, fiziki şəxslərin, müəssisə və təşkilatların istifadəsində olan kredit resurslarının alıcılıq qabiliyyətini də hər gün aşağı salır və bu hesaba ölkədə ümumi işgüzarlıq səviyyəsini nəinki olduğu kimi saxlamaq mümkün olmur, əksinə, bu səviyyə daha da aşağı düşür.

Bu proses yerli və xarici investorları da Azərbaycanda fəaliyyət göstərməkdən çəkindirir ki, bu da yerli istehsala əlavə zərbə vurur. Beynəlxalq reytinq təşkilatlarının son günlər ölkəmizin reytinqini aşağı salması bu xoşagəlməz tendensiyanı daha da sürətləndirəcək.

Xarici valyutada kredit borcu olanların borc yükü məzənnə dəyişikliyi səbəbindən daha da artacaq. Bankların milli valyuta ilə kredit verməsi bundan sonra da çətinləşəcək”.

Gununsesi.info