Nemət Əliyev: İşsizlərin gerçək sayı və artım faizi daha yüksəkdir”

  • By admin
  • 23 Yanvar 2021 22:20
2020-ci ildə 100 min işsiz və işaxtaran şəxsin işlə təmin edildiyi bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə deyilir. Məlumatda deyilir ki, bu dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilib.
Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb: “Eyni zamanda, peşə hazırlığı kurslarına 1014 nəfər cəlb edilib. Onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya səbəbilə tədris “online” qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib”.
Bundan başqa, məlumatda bildirilir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 37 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunub və onlara peşəyönümü məsləhət xidmətləri göstərilib: “Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib”.
İqtisadçı Nemət Əliyev deyir ki, nazirliyin məlumatından işsizliyin 49,4 faiz artdığı müşahidə edilir. Ümumilikdə 150 minə yaxın şəxs məşğulluq tədbirləri ilə əhatə edilib: “Çox yaxşı. Ancaq gərək nazirlik bu tədbirlərin ümumi işsizlik səviyyəsinə təsiri, işsizlik səviyyəsinin necə dəyişməsi haqqında da açıqlama verərdi. Lakin etməyib, susmağa üstünlük verib”.
İqtisadçı düşünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin il ərzində məşğulluq tədbirlərinə cəlb etdiyi 150 mindən çox insanı da əlavə etsək, ölkə üzrə məşğul əhalinin sayı 2020-ci ilin sonuna olan tarixə 4876,6 min nəfər olar.
Çünki 2020-ci ilin əvvəlinə olan tarixə məşğul əhalinin sayı 4938,5 min nəfər təşkil edib: “Deməli, il ərzində məşğul əhalinin sayı 61,9 min nəfər azalıb. Məşğuliyyət yerlərini itirdiklərinə görə 61,9 min nəfərin hamısı son nəfərinə qədər işsizlər ordusunun sıralarına qoşulub”.
Nemət Əliyev deyir ki, 2020-ci ildə həm də iqtisadi fəal əhalinin sayı dəyişib: 5190,1 min nəfərdən 5252,5 min nəfərə qədər və ya 62,4 min nəfər artıb: “Məşğuliyyət yerləri tapa bilmədiklərinə görə bu 62,4 min nəfər də işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıb.
Yekun hesabla ölkə üzrə işsizlərin sıraları 124,3 min nəfər (62,4+61,9=124,3) böyüyüb ki, bu da ötən ilin göstəricisindən 49,4 faiz çoxdur. Odur ki, 2020-ci ildə rəsmi işsizlik səviyyəsi 49,4 faiz artıb.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 150 mindən çox insanı məşğulluq işləri ilə təmin etsə də, ölkə üzrə işsizlik səviyyəsinin 1,5 dəfə dəfə artmasının qarşısını almaq mümkün olmayıb.
Bu vəziyyət rəsmi məlumatların təhlilinin üzə çıxardığı mənzərədir. İşsizlərin gerçək sayı və artım faizi isə daha yüksəkdir”.