
Noyabrın 4-nə keçən gecə Nepalda baş vermiş zəlzələdə ölənlərin sayı 69-a çatıb.Bundan başqa, bölgənin xeyli sakini zərər çəkib.
5,6 bal gücündə zəlzələnin episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olub.
Gununsesi.info xəbər verir ki, Nepal hakimiyyətinin məlumatına görə, Rukum rayonunda 35 nəfər ölüb, 30 nəfər yaralanıb. Bundan əlavə, çoxlu evlər dağılıb. Səlahiyyətlilər Cajarkot bölgəsində 34 nəfərin öldüyünü, dağlıq bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Səlahiyyətlilər qeyd edib ki, bir çox kəndlərlə əlaqə kəsildiyi üçün ölənlərin sayının səhərə qədər artacağı gözlənilir.
Bu arada Nepalın Milli Zəlzələlərin Monitorinqi və Araşdırma Mərkəzi zəlzələnin maqnitudasını 6,4, ABŞ Geoloji Xidməti (USGS) isə 5,6 bal gücündə qiymətləndirib.
Hindistanın Milli Seysmologiya Mərkəzi (NCS) “Facebook”da 6,4 bal gücündə zəlzələnin 10 km dərinlikdə yerləşdiyini bildirib.
Öz növbəsində Hindistanın ANI News agentliyi xəbər verir ki, yeraltı təkanlar Hindistanın paytaxtı Yeni Dehlidə və ölkənin şimalındakı bir sıra rayonlarda hiss olunub.
Gununsesi.info