İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında çıxışı zamanı qalmaqallı addım atıb.
Gununsesi.info xəbər verir ki, Netanyahu ölkəsinin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq yolunda olduğunu ifadə edib. Netanyahu yeni sülh dövrünün başlanğıcının müjdələndiyini bildirsə də, fələstinlilərin bu hərəkətə qarşı çıxmaması lazım olduğunu qeyd edib. Belə bir sülhün ərəb-İsrail qarşıdurmalarının sona çatmasına töhfə verəcəyini ifadə edən Netanyahu, “Bu, digər ərəb dövlətlərini İsraillə münasibətlərini normallaşdırmağa təşviq edəcək” deyib.
Fələstin lideri Mahmud Abbasın dünən BMT Baş Assambleyasında etdiyi çıxışında “Fələstin dövləti olmadan Yaxın Şərqdə sülh ola bilməz” mövzusunda israrlı bəyanatını qətiyyətlə rədd edən İsrail Baş naziri Netanyahu, ““Biz fələstinlilərə ərəb ölkələri ilə sülh sazişlərinə veto qoyma haqqı verməməliyik” deyib.
BMT Baş Assambleyasına təqdimatla çıxış edən İsrail Baş naziri Netanyahu ölkəsinin ərəb ölkələri ilə yaxınlaşması və sülh prosesi ilə bağlı istifadə etdiyi xəritədə Fələstini yerləşdirməyib. Fələstinin olmadığı xəritədə işğal altındakı İordan çayının qərb sahili və Qəzza zolağı İsrailin bir hissəsi kimi görünüb.
Fələstin rəhbərliyi İsrailin baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışına reaksiya verib və bəyan edib ki, fələstinlilərin razılaşmayacağı hər hansı həll Yaxın Şərqdə sülhü bərqərar edə bilməz.
Səid Əhmədli
Gununsesi.info