Netanyahu Baydenlə danışdı: Humanitar atəşkəs uzadıla bilər

  • By admin
  • 27 Noyabr 2023 11:10

İsrailin baş naziri Benyamin Netanyahu, gündə əlavə 10 israilli məhbusun azad edilməsi şərti ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsin uzadılması ehtimalını alqışladığını deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə hökumət başçısı ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra videomüraciətində bildirib.

Baş nazir bildirib ki, o, ABŞ prezidentinə hər halda “bütün gücü ilə” Fələstin anklavında hərbi əməliyyatlara qayıtmaq niyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, İsrailin məqsədi “Həması məhv etmək”, bütün girovları geri qaytarmaq və Qəzzanın “olduğu vəziyyətə qayıtmayacağına” əmin olmaqdır.

Bu arada HƏMAS nümayəndələri daha çox məhbusu azad etmək üçün İsraillə münaqişədə humanitar fasiləni uzatmaq istədiklərini açıqlayıblar.

İsrail və HƏMAS arasında münaqişədə dörd günlük humanitar fasilə haqqında razılaşma cümə günü, noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.

Razılaşma, HƏMAS-ın saxladığı 50 israillinin müqabilində İsrail həbsxanalarından 150 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.

Azad edilənlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

İndiyədək Qəzza zolağında saxlanılan 39 israilli qadın və uşaq, həmçinin İsrail həbsxanalarından olan 117 fələstinli qadın və uşaq razılaşma çərçivəsində azad edilib.

Gununsesi.info