İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə keçirilən dövlət anma mərasimində ölkəsinin təkcə İranın hədəfində olmadığını deyib.
Gununsesi.info–nun xarici mediaya istinadən verdiyi xəbərdə deyilir ki, baş nazir çıxışında “İran və müttəfiqlərinin İsraili yeddi cəbhədə terrorla mühasirəyə almağa çalışdığını” deyib.
Binyamin Netanyahu bildirib ki, Hizbullah hərbi komandiri Fuad Şükri və Həmas lideri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginlik artdıqca İsrail İran və müttəfiqlərinə qarşı “çox cəbhəli müharibə” aparır.
O, deyib ki, Birləşmiş Ştatlar (ABŞ) İsraili mümkün əks-hücumdan qorumağa və daha da dağıdıcı regional münaqişənin qarşısını almağa hazırlaşır.
Netanyahu Qüdsdə keçirilən dövlət anma mərasimində “Ölkəmizə zərər verən hər kəs cavab verəcək” deyib və əlavə edib: “İran və müttəfiqləri bizi yeddi cəbhədə terrorla əhatə etməyə çalışırlar”.
Həmasın lideri Haniyə çərşənbə günü İranın paytaxtı Tehranda, çərşənbə axşamı isə Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Şükürə sui-qəsd nəticəsində öldürülüb.
Ardıcıl sui-qəsdlərdən sonra Yaxın Şərqdə gərginlik daha da artıb.
Afət Abbasova
Gununsesi.info