Netanyahu Qəzza ilə bağlı planı hökumətə təqdim etdi – DETALLAR

  • By admin
  • 23 Fevral 2024 15:55

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada hücumların baş çatmasından sonrakı yol xəritəsini hökumətə təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.

Plana görə, İsrail Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində təhlükəsizlik və hərbi məsələlərdə hərəkət azadlığını qoruyub saxlayacaq və ABŞ-ın koordinasiyası ilə Misir-Qəzza sərhədində bufer zonası yaradaraq “qaçaqmalçılıq cəhdlərinin” qarşısını alacaq.

Netanyahunun hökumətə təqdim etdiyi yol xəritəsinə görə, Qəzzanın mülki idarəsi “idarəetmə bacarığı olan peşəkarlar” tərəfindən həyata keçiriləcək. Bu insanlar “terrora dəstək verən dövlət və təşkilatlarla bağlı olmayacaqlar” və maaşlarını onlardan almayacaqlar.

İsrail mərkəzi Ramallahda olan beynəlxalq qanuni Fələstin rəhbərliyini “terrora dəstək verməkdə” ittiham edərək, yol xəritəsindəki bu maddə ilə onu Qəzza rəhbərliyindən çıxarmağı hədəflədiyinə diqqət çəkib.

Baş nazir Netanyahunun kabinetə təqdim etdiyi yol xəritəsinə görə, İsrail  BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün çalışacaq.

BMT agentliyinin yerinə beynəlxalq yardım təşkilatlarının işləyəcəyi vurğulanan planda Qəzza zolağının yenidən qurulmasına “Qəzzanın tam tərksilah edilməsi və radikallaşmanın aradan qaldırılmasından” sonra başlanacağı və reabilitasiya planının da “İsrail tərəfindən təsdiqlənmiş ölkələr” tərəfindən maliyyələşdirilir.

Netanyahunun hökumətə təqdim etdiyi planda İsrailin fələstinlilərlə qalıcı razılaşma ilə bağlı “beynəlxalq məcburiyyətləri” qəbul etmədiyi bildirilib.

Qeyd olunub ki, İsrail siyasətçiləri və əsgərlərinin “HƏMAS və İslami Cihadın hərbi bacarıqlarını məhv etmək, Qəzzada israilli məhbusları azad etmək və Qəzza zolağından İsrailə qarşı hər hansı təhlükənin qarşısını almaq” kimi dəfələrlə hədəfləri dəyişməyib.

Gununsesi.info