Netanyahu reaksiyalara səbəb olacaq qərarı açıqladı: Almaniya ilə razılığa gəldik

  • By admin
  • 18 Mart 2024 11:57

İsrailin baş naziri Benyamin Netanyahu 1,5 milyon fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfaha hücum etməzdən əvvəl “mülki əhalinin buradan getməsinə əmin olacaqlarını” iddia edib.

Gununsesi.info xəbər verir ki, İsrailə səfər edən Almaniya kansleri Olaf Şolts İsrailin baş naziri Netanyahu ilə görüşdükdən sonra Qərbi Qüdsdə birgə mətbuat konfransı keçirib.

Şolts ilə görüşünə də toxunan Netanyahu, “dostlar arasında çox ciddi, əhəmiyyətli bir görüş keçirdiklərini” ifadə edərək, “Həmas-ın aradan qaldırılması mövzusunda da razılaşdıqlarını” deyib.

HƏMAS-ın Qəzzada qalmasına icazə veriləcəyi təqdirdə, yenidən toparlanacağını və Qəzzanı ələ keçirəcəyini bildirən Netanyahu alman həmkarının ondan Qəzzada mülki əhalinin qorunması üçün daha çox işlər görməsini və fələstinlilər üçün Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verməsini istədiyini bildirib.

Netanyahu “İsrail mülki insanları qorumağa çalışır və məskunlaşan ərazilər uğrunda gedən döyüşlər zamanı Qəzza zolağında yardım paylanmasının çətin olduğunu” iddia edib.

İsrailin baş naziri iddia edib ki, İsrail ordusu mülki əhalinin ölümünü azaltmaq üçün əlindən gələni edib.

Almaniya kansleri Olaf Şolts da İsraildəki görüşlərindən sonra Qəzzaya “davamlı olaraq daha çox humanitar yardım axınının lazım olduğunu” bildirib.

Almaniya kansleri İsrailin özünü müdafiə etmək hüququnu vurğulayaraq, “Qəzzada can itkisinin çox yüksək, bəzilərinə görə isə çox yüksək olduğunu” bildirib.

Qəzzada “uzunmüddətli atəşkəs və məhbusların geri qaytarılması üçün hərtərəfli razılaşma əldə edilməli” olduğunu vurğulayan Şolts regional münaqişənin nəticələrinin ağır olacağını və bunun qarşısını almaq üçün Hizbullahın İsrailin şimalındakı bölgədən çəkilməli olduğunu və bunun üçün çalışdıqlarını bildirib.

İsrailin təhlükəsizliyi üçün qalıcı bir həllə ehtiyacı olduğunu və davamlı təhlükəsizliyin “hündür divarlar və dərin xəndəklərlə” gəlməyəcəyini ifadə edən Şolts bunun üçün israillilərin və fələstinlilərin ortaq gələcəyə ümidlərinin olması lazım olduğunu bildirib.

İşğal altındakı İordan çayının qərb sahili və Qəzza zolağının idarəsinin Fələstin rəhbərliyinə tabe olması lazım olduğunu vurğulayan Şolts, Fələstin rəhbərliyinin həm kadr, həm də struktur baxımından yenidən təşkilinin əhəmiyyətinə toxunub.

Şolts bildirib ki, “İsrailin təhlükəsizliyi fələstinlilərə qarşı deyil, fələstinlilərlə razılaşmadan asılıdır. Bu, danışıqlar yolu ilə iki dövlətli həll yoluna işarə edir”.

 

Gununsesi.info