Netanyahu təklifi rədd etdi: “Hədəfimizdən dönməyəcəyik”

  • By admin
  • 08 Fevral 2024 08:52

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə HƏMAS-ın atəşkəs təklifi ilə bağlı görüşdən sonra mətbuat konfransı keçirib.

Gununsesi.info xəbər verir ki, Netanyahu HƏMAS-ın atəşkəs və məhbus mübadiləsi tələblərini qəbul etməsinin İsraildə yeni qırğınlara səbəb olacağını deyib və orduya Qəzzanın cənubundakı Rəfah şəhərinə hücuma hazırlaşmaq göstərişi verib.

Qəzza zolağındakı israilli məhbusların ailələrinə müraciət edən Netanyahu HƏMAS-ın tələblərinin “real deyil” olduğunu qeyd edib. Onun sözlərinə görə, hərbi təzyiqlərin davam etdirilməsi məhbusları geri qaytarmağın yeganə yoludur və HƏMAS-ın tələblərini qəbul etmək məhbusları azad etməyəcək, “əksinə, bu, yeni qırğınlara səbəb olacaq”.

İsrailin baş naziri Netanyahu Qəzzaya hücumların aylar ərzində nəticə verəcəyini və İsrailin məqsədlərindən əl çəkməyəcəyini müdafiə edib.

O, Blinkenə İsrailin HƏMAS-ı məğlub etməyə yaxın olduğunu və “bu qələbənin bütün Yaxın Şərq üçün təsirləri olacağını” çatdırdığını söyləyib.

Netanyahu Qəzzanın cənubunda 1 milyondan çox məcburi köçkün Fələstin vətəndaşının sığındığı Rəfah şəhərinə də müraciət edib: “Biz İsrail ordusuna Rəfah və mərkəzi düşərgələrə hücuma hazırlaşmağı əmr etmişik”.

Gununsesi.info