
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS-ın saxladığı məhbuslar azad olunmayana qədər atəşkəs əldə etməyəcəklərini təkrarlayıb.
Gununsesi.info xəbər verir ki, Netanyahu bu barədə işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskənlərinin yerli rəsmiləri ilə görüşdə danışıb.
İsrail ordusunun Qəzza zolağında quru əməliyyatının “yaxşı irəlilədiyini və yaxşı nəticələr əldə etdiyini” əsas gətirən Netanyahu deyib: “Hər tərəfdən eşitdiyimiz boş söz-söhbətləri bir kənara qoyub bir şeyi açıq şəkildə təkrarlamaq istəyirəm: girovlarımız azad olunmayana qədər atəşkəs olmayacaq”.
İsrail qüvvələrinin və kəşfiyyatının İordan çayının qərb sahilində “terrorun yatırılması”nı böyük ehtiyatla həyata keçirdiyini ifadə edən Netanyahu Qərbi Şəriyənin ikinci münaqişə bölgəsinə çevrilməsinin də qarşısını almaq istədiklərini vurğulayıb.
İsrailin baş naziri İordan çayının qərb sahilində son vaxtlar artan və beynəlxalq reaksiyaya səbəb olan yəhudi məskunlaşanların zorakılığına da toxunub.
“Buradakı insanları təmsil etməyən bir ovuc fanatik (İordan çayının qərb sahilindəki yəhudi köçkünlər) beynəlxalq səviyyədə İsrailə ciddi ziyan vurur”, – Netanyahu bildirib.
Digər tərəfdən Netanyahu İsrail hökumətinin Sosial və İqtisadi Nazirlər Kabinetinin iclasında da çıxış edib.
İsrail ordusunun havadan və qurudan hücumlarını davam etdirdiyi Qəzza zolağında baş verən hadisələr və bunun ölkə iqtisadiyyatına əks olunması ilə bağlı açıqlamalar verən Netanyahu, mülki şəxslər üçün təxminən 13 milyard şekel (təxminən 3,4 milyard dollar) büdcə təqdim edəcəklərini açıqlayıb.
Gununsesi.info