

“Heç rəsmi Bakı 20 ildən artıq Azərbaycan torpaqlarını işğal edən Ermənistana hər cür dəstək verən yaxın və uzaq qonşularına necə dözümlə yanaşırsa, elə bu qonşularımız İsrailin Baş naziri Benyamin Netanyahunun da Azərbaycana səfərində dözümlü yanaşmalıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, İsrailin Baş nazirinin Azərbaycana və Qazaxstana səfəri heç kimi narahat etməməlidir. “Netanyahunun Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil ölkədir və müstəqil siyasət yürüdür. Çünki Azərbaycanın dünyada və regionda gedən proseslərə yanaşması və baxışı var. Ona görə də yaxın və uzaq qonşularımız İsrailin Baş nazirinin Azərbaycana səfərindən narahat olmamalı və buna normal yanaşmalıdırlar”- deyə, hərbi ekspert vurğulayıb.
Ü.Cəfərov əlavə edib ki, yaxın qonşuların yürütdüyü bəzi siyasət Azərbaycanın da xoşuna gəlmir: “Məsələn 20 ildən artıq Azərbaycan torpaqlarını işğal edən Ermənistan elə yaxın qonşularımız tərəfindən hərtərəfli dəstək alır. Ancaq buna baxmayaraq Azərbaycan bu qonşulara yürütdüyü siyasətlə bağlı nə iradını, nə də narahatçılığını dilə gətirir. Yeganə olaraq incikliyimizi dilə gətirərək Ermənistanın işğalçılıq siyasətinə hərtərəfli dəstək verməsi ilə bağlıdır. Əgər Ermənistan işğalçı bir ölkə olmasaydı, heç bu inciklikdə olmazdı. Çünki hər bir ölkə müstəqildir və digər ölkənin daxili siyasətinə müdaxilə düzgün deyil”.
İsrail-Azərbaycan münasibətlərinə gəldikdə isə hərbi ekspert bildirib ki, bu münasibətlər bir gün qurulmayıb: “Bu gün İsraildə vaxtı ilə Azərbaycan vətəndaşı olan minlərlə insan yaşayır. Bundan əlavə olaraq İsrail Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi işlər görüb və bu sahədə əməkdaşlıq davam edir. Artıq Azərbaycanla israil etibarləı tərəfdaşa çevrilib”.
Hərbi ekspertin fikrincə, Netanyahunun Bakı səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrlə yanaşı, o cümlədən hərbi-texniki əməkdaşlığın gələcək inkişaf perspektivləri istiqamətində əməkdaşlıq müzakirələri aparılacaq: “Düzdür bu məsələlərin detalları ictimaiyyətə açıqlanmayacaq. Hansı ki, bu müzakirələrdə ermənilərin yuxusuna haram qatan “dəmir günbəz” və ya “dəmir qübbə” məsələsinə baxılacaq. İsrailin hərbi sənaye kompleksi dünyada ən öndə olan sənaye kompleksidir və Azərbaycanın belə bir ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığını davam etdirməlidir. Hesab edirəm ki, İsrail bundan sonra da Azərbaycanın hərbi sənaye kompleksinin inkişaf etdirlməsində öz töhfəsini verəcək və bu prosesdə yaxından iştirak edəcək. Amma bu sahədə əməkdaşlıq hər hansı ölkəyə qarşı yönəlməyib”.
Hərbi ekspert onu da bildirib ki, Azərbaycanla İsrailin münasibətləri nə qədər yaxşı olsa da, bu əməkdaşlıq Azərbaycanın qonşularının əleyhinə deyil: “Bu əməkdaşlıqdan qonşularına qarşı istifadə etməyəcək. Artıq bu cür praktika var. Bir neçə il bundan əvvəl Qərb və dünya ölkələri tərəfindən sanksiyalara məruz qalanda bəzi dırnaqarası ekspertlər deyirdi ki, Azərbaycan öz ərazisindən İsrail və Qərbə İrana qarşı şərait yaradacaq. Ancaq Azərbaycan prezidenti başda olmaqla digər rəsmilər bəyan etdilər ki, Azərbaycan öz ərazisindən yaxın qonşularına qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycan bunu sözdə və əmldə sübut edib”.
Mürtəza
Gununsesi.info