
“New York Times”ın bazar günü əlavəsinin şeir redaktoru Enn Boyer qəzetin İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərinə “Daha müharibə qızışdıran yalanlara yox” deyərək istefa verib.
Gununsesi.info xəbər verir ki, Boyer bu barədə şəxsi səhifəsində istefa məktubu yayıb. O, məktubunda “İsrailin Qəzza xalqına qarşı ABŞ-ın dəstəklədiyi müharibəsi heç kimin xeyrinə deyil” deyib. Bu müharibədə İsrail, ABŞ, Avropa və xüsusilə yəhudi xalqı üçün heç bir təhlükəsizlik olmadığını qeyd edən Boyer fikirlərini bölüşüb: “Bu müharibə yalnız neft və silah istehsalçılarının ölümcül qazanclarına xidmət edir”.
“Dünya, gələcəyimiz, qəlbimiz bu müharibə üzündən getdikcə daha da kiçilməkdədir. Bu, təkcə raketlər və torpaq işğalı müharibəsi deyil. “Bu, onilliklər boyu işğala, məcburi köçkünliyə, məhrumiyyətlərə, nəzarətlərə, mühasirələrə, həbslərə və işgəncələrə müqavimət göstərən Fələstin xalqına qarşı müharibədir”, – deyə o bildirib.
Sənətçilər üçün bəzən ən məhsuldar etiraz yolunun “rədd etmək” olduğunu vurğulayan Boyer məktubunu belə yekunlaşdırıb:
“Bizi bu irrasional iztirab mühitinə alışdırmaq məqsədi daşıyan “ağıllı” tonlarda şeir yaza bilmərəm. Artıq iyrənc evfemizmlər yoxdur. Artıq sözlərlə təmizlənmiş cəhənnəm mənzərələri yoxdur. Artıq müharibə qızışdıran yalanlar yoxdur. Əgər bu istefa xəbər aləmində şeir boyda boşluq yaradırsa, bu, anın əsl formasıdır”.
Gununsesi.info