NİDA-çı 4 ay həbs olundu

  • By admin
  • 16 Avqust 2016 17:25

elgiz

 

Bakının Nərimanov rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsiylə 4 aylıq həbs-qətimkan tədbiri seçib (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – külli miqdarda törədildikdə).

Gununsesi.info-nun xəbərinə görə, NIDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bir neçə saat sonra dostu sərbəst buraxılsa da, fəal azad olunmayıb. NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Ülvi Həsənlinin sözlərinə görə,  hazırda E.Qəhrəmanovun hüquqlarını müdafiə edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki,  E.Qəhrəmanov 2015-ci ildə NİDA-nın üzvüdür.

E.Qəhrəmanov  Türkiyədə  Ankara Universitetini bitirib.  Təhsil aldığı müddətdə ülküçülərlə yaxın olub. Dindən uzaq olduğu söylənilir.

Xatırladaq ki, E.Qəhrəmanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılsa da, onun vəkili Nemət Kərimlinin orderi müstəntiq tərəfindən qəbul olunmayıb.

Gülnaz Qənbərli

Gununsesi.info