Niderland çökəkliyindən Qafqaz yüksəkliyinə atılan daş –Millət vəkili yazır…

2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin anti-terror tədbirlərindən sonra gözləmək olardı ki, 30 ildən çox müddət ərzində Cənubi Qafqaz bölgəsini iflic etmiş yorucu bir münaqişə artıq tarixə qovuşur.

Lakin son 3 il ərzində nə keçmiş Minsk Qrupu həmsədrlərindən, nə beynəlxalq təkilatlardan, nə də Avropa institutlarından bölgədə sülhə xidmət edəcək hər hansı bir addımın şahidi olmadıq. Əksinə, Fransa və Almaniyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxiləsi nəticəsində tərəflər arasında aparılan sülh danışıqları dalana dirəndi.

Aİ-nın Xarici fəaliyyət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borelin Azərbaycan haqqında yalana və qərəzə əsaslanan bəyanatları isə Avropadan olan bütün gözləntilərimizə son qoydu. Bununla da əslində bölgədə sülh yaratmağa iddialı olan güc mərkəzləri sülh yaranmasının qarşısını almış oldu. Ardınca sülh danışıqlarını pozmaq vəzifəsini Avropa Parlamenti və AŞPA öz üzərinə götürdü.

Qış sessiyasının ilk iclasında Milli Məclisin nümayəndə heyətinə qarşı hazırlanmış təxribat bəzi Avropa dövlətlərinin, ilk növbədə Fransanın Cənubi Qafqazda sülhə mane olmaq iddiasından əl çəkmədiyini, bu dəfə də AŞPA pərdəsi altında öz riyakarlıqlarını davam etdirdiyini göstərir.

AŞPA iclasında yaranmış böhranlı vəziyyətdə nümayəndə heyətimizin Assambleyanın işində iştirak etməkdən imtina etməsini ən düzgün qərar hesab edirəm.

Bu addımı atmaqla nümayəndə heyətimiz AŞPA tərəfindən bölgədə gedən proseslərə zərərli müdaxilə cəhdlərinin qarşısını nisbətən almış oldu.

Nümayəndə heyətimiz öz arqumentlərində Avropa siyasətinin ikili standartlara və xristian təəssübkeşliyinə əsaslandığını, bölgənin qeyri-xristian əhalisinə və ilk növbədə Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı faktlarını bilərəkdən gözardı etdiyini bəyan etdi.

AŞPA-nın ölkəmizə qarşı irəli sürdüyü iddialar Avropanın özündə də birmənalı qarşılanmır. Həmin günlərdə Avropa mətbuatında yer almış bir sıra təhlillərdə də AŞPA-nın Azərbaycana qarşı ədalətli olmadığı vurğulandı. Beləliklə, AŞPA-da öz niyyətlərini o qədər də uğurlu həyata keçirə bilməyən ermənipərəst qüvvələr indi estafeti ayrı-ayrı dövlətlərə ötürür və ölkəmizə qarşı növbəti təzyiq kampaniyaları planlaşdırırlar.

Bu günlərdə Niderland Parlamentində Azərbaycan-Ermənistan münasibətlərini müzakirəyə çıxaran deputatlar da Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qaldığını iddia edib və guya Azərbaycanın Ermənistanı işğal edəcəyi barədə cəfəng fikirlər səsləndiriblər. Həmin iclasda çıxış edən Niderland Krallığının Xarici işlər naziri Brauns Slot isə yaxın günlərdə Bakıya və İrəvana səfər edəcəyini, Azərbaycan höküməti ilə qaldırılan məsələlər haqqında müzakirələr aparacağını bildirib.

Nazir Slotun Azərbaycana qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq edilməsinin mümkünlüyü haqqında səsləndirdiyi fikirlər isə onun artıq bütün əndazəni aşıb başından böyük danışdığını göstərir.

Brouns Slotun hədsiz iddialı çıxışı xarici siyasətlə məşğul olan peşəkarın yox, hələ həyatın fiziki qanunlarını dərk etməyən və Yerdən Aya daş atmağa cəhd göstərən uşağın hərəkətini xatırladır. Slot anlamır ki, “çökəkdə yerləşən ölkə”dən Qafqaz yüksəliyində qərar tutmuş Azərbaycana aşağıdan yuxarı atmağa cəhd etdiyi daş qayıdıb öz başına dəyə bilər.

Ona görə də Xarici İşlər Nazirliyimiz Brouns Slotunun səfərini təxirə saldı və ona dərsini yaxşı öyrənməyi tövsiyyə etdi. Yeri gəlmişkən, AŞPA-da baş verənlərə cavab olaraq Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsi Bəyanat vermis və Azərbaycan hökümətinə ölkəmizə qarşı ədalətsiz və qərəzli iddialarda bulunan Avropa ölkərləri ilə bir sıra siyasi-iqtisadiəlaqələrin məhdudlaşdırılmasını təklif etmişdi. Hesab edirəm ki, hökümət bölgəmizdə gedən proseslərlə bağlı kənar müdaxilələlərin qarşısının alınmasında bu təklifləri də nəzərə almalıdır.

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi isə ikitərəfli dialoq əsasında yalnız bölgə dövlətlərinin iştirakı ilə aparılmalıdır. Hər hansı kənar müdaxilə cəhdlərinə qarşı Azərbaycan höküməti özünün cavab sanksiyaslrını hazırlamalıdır.

 

 

 

Cavansir Feyziyev

Milli Məclisin deputatı

Gununsesi.info