Müasir dövrdə, hər şeyin dəyişdiyi bir anda insanlar arasındakı münasibətlər də dəyişir.
Bura xüsusilə nikah məsələləri aiddir.
Belə ki, artıq bir çox insan nikah müqaviləsi bağlamağa çalışır.
Ancaq nədir bu müqavilə və lazımdırmı?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir:
“Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən müddəalar nəzərdə tutula bilər. Bunun yaxşı və ya pis olması isə tərəflərin seçimindən, istəyindən asılı olan bir məsələdir”.
Orxan
Gununsesi.info











