2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət daxil olub.
Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mərkəzin direktoru Ceyhun Məmmədov deyib. O bildirib ki, bunlardan 2749 nəfəri ilk dəfə müraciət edənlər olub və 276 nəfəri dispanser qeydiyyatına alınıb: “Hazırda mərkəzdə dispanser qeydiyyatında olan 2862 xəstə müalicə alır və dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Hemotologiya şöbəsində isə il ərzində 489 xəstə stasionar müalicə alıb”.
Mərkəzin direktoru əlavə edib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: “Aparılan müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Bu il ərzində 134656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib”.
Gununsesi.info