Niquşizm… - JALƏ MÜTƏLLİMOVA YAZIR

  • By admin
  • 20 Mart 2020 00:32

Günlərdir ölkə mediası, sözün həqiqi mənasında bar-bar bağırır. Filan gün, filan saatdan yollar bağlanacaq, qeydiyyatı olmayanlar Abşeron, Bakı, Sumqayıta buraxılmayacaq. Karantindir, xüsusi rejimdir, vəziyyət ciddidir. Rayonlardan şəhərə çıxmayın, gəlməyin, buraxılmayacaqsınız. Şəhərdə, xəstəxanada xəstəniz varsa, narahat olmayın, ciddi nəzarətdə olacaq, siz də telefonla əlaqə saxlayın. İstisna, xüsusi hal olarsa NK-dən, operativ qərərgahdan xüsusi icaz alın. Ölkədə yox, dünyada vəziyyət son dərəcə ciddidir.

Az qalıb rəsmi adamlar əllərinə mikrafon alıb küçəbəküçə düşsünlər ki, insanlar anlasın, inansın və qaydalara əməl etsin. Elə bil adamlar istəmir ki, ölkə vəziyyətdən minimal zərər, itki ilə çıxsın. Zəruri nəyisə almaq üçün şəhərə çıxırsan, baxırsan məktəblərdən azad olunan, qorunması tələb edilən uşaqların əllərindən tutub istirahət mərkəzlərində oturub valideyinlər və heş bir gigiyenik qaydaya da əməl etmirlər. Elə bil qəbul eləmirlər ki, bizə də nəsə ola bilər. Anlamaq istəmirlər, episentr olan ölkələr artıq könüllülərdən ibarət xidmətlər yaradılıb. Məqsəd xüsusi baxıma ehtiyacı olan adamlara kömək göstərilməsidir.

Məsələn, artıq Fransada küçəyə çıxmaq rəsmən yasaqdır. Qaydaları pozan vətəndaşlara xüsusi cəza mexanizmi tətbiq edən ölkələr də var. Azərbaycan da artıq bu standarta keçmək məcburiyyətindədir, hətta keçib. Sabah kimsə cəzalandırılsa, səsi ölkəylə bir olacaq, buna da əminəm… Amma bu gün məsuliyyətsizliyin ən böyüyünü də elə o qəbil vətəndaşlar edir. Hətta ölkə başçısı səviyyəsində xəbərdarlıq edilir, qorunun, gigiyenik qaydalara əməl edin, zəruri deyilsə bayıra çıxmayın.Kimə deyirsən? Adam deyir bəlkə dövlət Niquşu tapa, necə təklifdir? Bizimki day keçib çünki…

Bəlkə Niquş başa sala ki, çəhərə gəlməyin. Yoxsa sabah, ya biri gün yenə şəhərin girişindən rayonlara 400-ə qədər maşın geri qaytarılacaq. Amma Niquş olsaydı, bu alayı söhbət olardı… Zalım balası, votsapda bircə dəqiqəlik video paylaşdımı, iş tamamdır. Nə desə, nə danışsa hamı həmən inanır və əməl edir. Bilmirəm xoşbəxtlikdir, ya bədbəxtlik, baxıram heç episentr olan ölkələrin Niquşu yoxdu. Belə getsə, adamlar gigiyenik qaydalara hamılıqla əməl etməsələr bizim operatiz qərərgahı Niquşizm deyə bir cərəyan yaratmaqla əvəzləyə bilərik, nə deyirsiniz? Camaat rəsmiləri, informasiyaları başa düşmək istəmir, rəsmilər də onları başa sala bilmir. Amma Niquş rəsmiləri də başa düşür, camaat da onu anlayır. Bu bizim ən optimal variantımız olacaq belə getsə. Çünki Niquş danışandan beşcə dəqiqə sonra, mamaşaların votsap qrupu, qohumlar, nəsil, tayfa, rayon, şəhər, sonra da ölkə, az qala dünya ona istinad edir.

Qaldı dövlət qurumlarına… Neynəsinlər yaxşı iş görəndə də yazıqların adları beddamdır. Bilirsinizmi niyə? O qədər dövlət qərar verib, məmur bildiyini edib ki, adamlar düşünür, yenə də birşey-mirşeylər, birtəhər-mirtəhər keçərlidir bütün məsələlərdə. Anlamırlar ki, koronovirus elə bir şey ki, heç bir şey yada düşmür, sağ qalmaq üçün mübarizə aparmaqdan başqa. Amma durub yenə “niyə?” deyən varsa, zarafata salın getsin. Necə? Beləcə: Qardaş, sözün əvvəlini Niquş deyib, vəssalam!..

 

 

Jalə Mütəllimova

Gununsesiaz.info