Niyə keyfiyyətli süd emal edə bilmirik? - EKSPERT

  • By Mayil
  • 22 Noyabr 2016 17:32

rovsen

Bu gün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Süd emalı sektorunda problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. 

Gununsesi.info xəbər verir ki, tədbirin iştirakçıları ölkənin müxtəlif regionlarını təmsil edən süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən iş adamları və fermerlər idi.

Iqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayev “Azərbaycanda süd emali sektorunun iqtisadi potensialinin qiymətləndirilməsi” adlı tədqiqat hesabatını təqdim edib. Çıxışçı qeyd edib ki, ölkənin ərzaq təhlüksizliyinin təmin edilməsində süd məhsulları aparıcı paya malik olmasını nəzərə alaraq ölkənin həmin məhsullarla özünü tam təmin etməsi olduqca mühümdür: “Lakin beynəlxalq statistik mənbələrin araşdırılması göstərir ki, Azərbaycının süd məhsulları idxalının həcmi rəsmi statistikanın açıqladığı göstəricidən təxminən 2.5 dəfə yüksəkdir və daxili tələbatın qarşılanmasıüçün süd emalı sektorunun potensialının genişləndirilməsi üçün imkanlar mövcuddur. Hazırda əsas süd məhsullarından biri kimi kərə yağı istehlakının təxminən 45, pendir istehlakının 25, quru süd istehlakının 70%-ə qədəri idxal hesabına qarşılanır”.

Çıxışçının fikrincə, rəqabət qabiliyyətli məhsul istehsalının və ixrac bazarlarına çıxışın təmin edilməsi həmin müəssisələr üçün yeni istehsal güclərinin yaradılmasına təkan verə bilər: “Lakin ixrac imkanlarının genişləndirilməsi üçün həm beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, qiymətlər də münasib olmalıdır. Məsələn, Comtrade məlumat bazasının təhlili göstərir ki, 2015-c ildə dünya üzrə pendir və kəsmiyin hər kiloqramının orta ixrac qiyməti 4.2 dollar, yağlı süd tozunun hər tonunun orta ixrac qiyməti 2354 dollar, kərə yağının hər kiloqramının orta ixrac qiyməti 3.5 dollar təşkil edib. Yəni yüksək keyfiyyət və marketinq standartlarını təmin etmək şərtilə bu göstəricilərə yaxın qiymət səviyyəsi Azərbaycanın süd emalı müəssisələrinin rentabelli çalışmasına imkan verirsə, deməli, ixrac bazarlarının tapılması da əsas strateji hədəflərədən biri ola bilər.

R.Ağayevin məlumatına görə, hazırda ölkədə istehsalı olunan 50%-dən də az hissəsi yüksək texnoloji emal imkanlarına malik emal müəssisələrinə daxil olur. Əhali tərəfindən bilavasitə içmə südü kimi istehlak olunan süd kütləsi nəzərə alınmazsa, yerdə qalan hissəsi bilavasitə ev təsərrüfatlarında əhalinin özü tərəfindən süd məhsullarına çevrilərək ya daxili tələbat üçün istifadə edilir, ya da müxtəlif bazar kanalları vasitəsilə satışa çıxarılır.

Çıxışçı tədqiqatın üzəçıxardığı və süd emal sektorunun inkişafına mane olan bir sıra məqamlara toxunub. O qeyd edib ki, süd emalı sənayesi texniki, texnoloji və xammal, qablaşdırma məhsulları baxımından tam idxaldan asılı vəziyyətdədir: “Milli valyutanın sabit olmadığı iqtisadi mühitdə xarici valyutaların bahalaşması həmin avadanlıqların, onların ehtiyat hissələrinin, xam maddələrin də qiymətini artırır ki, bu da son nəticədə avtomatik olaraq emal məhsullarının maya dəyərinin artmasına, emal məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur.

Süd istehsalçılarının pərakəndə və bir-birindən uzaq olması, kiçik vəçoxsayl olması, məhsuldarlığın çox aşağı olması, ölkədə tələbata uyğun istehsalının olmaması da emal müəssisələri üçün ciddi problemlər sırasındadır. Hazırda Azərbaycanda süd istehsalıəsasən 2-3 baş maldan ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur. Kooperativlər ümumiyyətlə mövcud deyil, iri fermlar isə sağılan inək sayının ən yaxşı halda 3-4%-nə sahibdirlər. Emalçılar 1 orta ölçülü (məslən 150-200 baş südlük inək) fermadan götürə biləcəyi xammal üçün bəzən 50-60 ev təsərrüfaına başçəkməli olurlar. Bu həm zaman itkisidir, həm nəqliyyat xərcini artırmaqla maya dəyərini yüksəldir, həm dəçoxlu sayda süd nümunələrini keyfiyyət analizindən keçirməyi zəruri edir”.

Ekspert sahənin növbəti problemləri kimi süd istehsalçıları və emalçıları arasında münasibətlərin müqavilə ilə tənzimlənməməsini, mövsümdən asılı olaraq süd həcminin kəskin artıb-azalmasını, südün qiymətinə və alışına zəmanət mexanizmlərinin tətbiq edilməməsini, məhsulun satışıüçün bazar kanallarının məhdudluğunu, sertifikatsız məhsulların bazarlarda açıq satışına icazə verilməsini qeyd edib.

Sonda R.Ağayev süd emalı sektorunun inkişaf üçün təklifklərini səsləndirib. Tədqiqat müəllifləri hesab edir ki, süd toplanmasında və daşınmasında itkiləri azaltmaq üçün süd toplama məntəqələrinin şəbəkəsi genişləndirilməsi və “soyuq zəncir” təchizatının qurulması, iri süd təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, süd analizlərinin AB standartlarına uyğun olaraq bilavasitə süd istehsalçılarında həyata keçirilməsi, süd istehsalçılarına zəmanətli qiymətlərin tətbiqi, dövlət sifarişi əsasında yerli süd emalı müəssisələrindən quru süd alışı və süd bazarına müdaxilə mexanizmlərinin işlənib hazırlanması, sertifikatsız və keyfiyyət standartlarına malik olmayan süd emalı məhsullarının açıq bazarlarda satışına məhdudiyyətlərin qoyulması, fəaliyyətdə olan bütün emal müəssisələrinin İSO standartlarına keçidin təmin edilməsi əsas prioritetlər olmalıdır.

Vüsalə Rüstəmova

Gununsesi.info