“Ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın güvənliyini zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur. 2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də bu keçid “tənzimlənmə” mərhələsində qalıb. “Tam üzmək” mərhələsinə keçid isə hələki ləngiyir”.
Gununsesi.info bunu iqtisadçı-ekspert Samir Əliyevə istinadən xəbər verir.
S.Əliyev qeyd edir ki, rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır: “Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi “onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?” tipli suallarla üz-üzə qoyur. Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan, şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə, əlbəttə Rusiya başçılıq edər. Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir”.
İqtisadçı-eskpert qeyd edir ki, Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür: “Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq. Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. Milli valyutanın sabitliyi qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur”.
S.Əliyevə görə, milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir:
“Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Biz həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin arzuolunan olmadığını görmək olar. Rus rublunun və Qazax təngəsinin niyə “üzə” bildiyini, manatın isə buna “hazır olmadığını” izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu diqqətinizə çatdırmaq istəyirəm.
2013-cü ildə – neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərinin dollarlaşma səviyyəsi (17,4%) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyaların Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30%-dən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da, böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15%-ə qədər azalıb.
Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır. Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15%-dən 2016-cı ilin 11 ayında 0,7%-ə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5% və 12,2% olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79% olduğu halda, 2016-cı ilin 10 ayında 21,8% azalma qeydə alınıb”.
S.Əliyev vurğulayır ki, böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub: “Statistik məlumatların təhlili göstəririr ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6% artdığı halda Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6% azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9% olub.
Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib. Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11%, Qazaxıstanda 13-15%-dir. Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır. Rus rublu 2015-ci ildə 29,6% ucuzlaşsa da 2016-cı ildə 16,8% möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2% itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8% möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək (98,8%) dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6% ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir.
Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi “sevgi hissi” yox real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır”.
Vüsalə Rüstəmova
Gununsesi.info