Niyə, Azərbaycan tərəfi sülh təkliflərini yerli və beynəlxalq ictimaiyyətə açıqlamır? -ANAR MƏMMƏDLİ YAZIR

  • By admin
  • 13 Mart 2022 16:09

Xarici işlər naziri Ceyhun Bayramov İctimai TV-yə açıqlamasında deyib ki, Ermənistanla münasibətlərin normallaşması üçün qarşı tərəfə 5 maddədən ibarət təklif göndərilib. Nazirin sözlərinə görə təkliflərdən biri iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdı.

Nazirin açıqlamasından belə anlaşılır ki, hökumətin Ermənistanla sülh əldə etmək üçün irəli sürdüyü 5 şərti var. Amma qarşı tərəf bunu 2020-ci ildən sonundan bəri qəbul etmir. Bu durum bəzi suallar doğurur.

Niyə, Azərbaycan tərəfinin sülh təklifləri yerli və beynəlxalq ictimaiyyətə açıqlamır? Bu prosesi şəffaf şəkildə aparmağa nə mane olur?

Sülh yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər arasında da əldə olunmalıdı. Əgər biz tərəfdən sülh təşəbbüsü varsa, daxili auditoriya üçün “asıb-kəsmək”, beynəlxalq tribunada isə sülhpərvər görünmək işə yaramayacaq. Sülh məsələsində səmimi olan tərəf həm öz ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti bu diskursa cəlb etməlidi. Eyni şeyi Ermənistan rəhbərliyi də nümayiş etdirməlidi.

Nazirin bu açıqlamasının tonu ilə uzlaşmayan bəzi xəbərlərə də diqqət çəkək. Qarabağın erməni əhalisi günlərdir şikayət edir ki, Ermənistandan verilən qaz və elektrik kəsilib. Buna görə bizim tərəfi günahlandırırlar. Həmçinin atəşkəsin son günlər pozulması bütün sərhəd boyu intensivləşib. Naxçıvanla sərhəddə həlak olan erməni hərbi qulluqçusu ilə bağlı ABŞ-ın ATƏT-dəki səfirliyi açıqlama yayıb. Bu gərginliyin məqsədi qarşı tərəfə təzyiq edib oradan erməni hərbi birləşmələrini çıxartmaqdırsa, buna Rusiya hərbi kontingentinin seyrçi qalması anlaşılmazdır. Ya ortada razılaşma var, ya da gərginliyin artmasından istifadə edib hərbi kontingenti gücləndirməyi planlaşdırırlar.

Nəhayət, təmas xəttindəki gərginliyi Rusiyanın Ukraynada apardığı müharibəyə dünyanın başının qarışması və bununla da yaranmış “fürsət” kimi yanaşmaq doğru deyil. Biz Avropa Parlamentinin qətnaməsi və ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin açıqlamasından gördük ki, regiona diqqət azalmayıb.

İkincisi, regionda artan istənilən gərginlik Rusiyanı bölgədə daha da rahatlayır. Çünki 2020-ci ildən fərqli olaraq Rusiya ölkəmizin içindədir. Birdə müharibədə şahidi oluruq ki, Kremlin Qarabağa hərbi qüvvə göndərməsi Qərbdə heç kimi narahat etmir. Əksinə bizim regionda rahatlıqla dil tapa bilirlər. Bu cür faktorları nəzərə alıb təmas xəttində atəşkəsi qorumağa çalışmalıyıq.

Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hərbi təcavüzü postsovet məkanında etnik seperatizm üçün ciddi zərbə oldu. İndi hər kəsə aydındır ki, bütün seperatist rejimlərin ilham qaynağı Kremldir. Belə bir siyasi düşüncənin geniş yayıldığı dönəmdə Qarabağ münaqişəsi ilə bağlı hərbi gərginliyi artırmaq dünyanın siyasi dəstəyini itirməyə rəvac verə bilər. Nəzərə almalıyıq ki, münaqişənin hərbi yolla həlli üçün siyasi imkanlardan 2020-ci ildə istifadə edilib.

Yenidən sülh təkliflərinə qayıdaq. Azərbaycan tərəfi sülhyaratma ilə bağlı geniş və əhatəli yol xəritəsi hazırlayıb ictimaiyyətə təqdim etməlidi. Buraya Ermənistanla sülhün şərtləri, müharibə cinayətlərinin araşdırılması, bölgənin minalardan təmizlənməsi, tarixi mədəni abidələrin birgə öyrənilməsi və qorunması, Qarabağ ermənilərinin təhlükəsilziyinə təminat və sair məsələlər daxil edilməlidi. Belə bir plan həm cəmiyyətləri, həm beynəlxalq qurumları, həm də bölgədə marağı olan ölkələri sülh prosesinə daha yaxşı hzırlaya bilər.

Hə, birdə yaxşı olar ki, Ceyhun Bayramovun sülhlə bağlı fikirlərini öyrənən İctimai TV-nin rəhbərliyi də açıqlasın – Şuşadan səsgücləndirici ilə mahnılar və marşlar səsləndirib efirdə sujetlər verilməsi sülhyaratma prosesinin tərkib hissəsidir?

 

Anar Məmmədli

Gununsesi.info