Niyə rus dilində danışmaq istəyirik: Dəbdir, yoxsa ehtiyac?

  • By admin
  • 13 Avqust 2021 10:42

Uzun illər sovet imperiyasının əsarətində olmuş Azərbaycanda rus dilinə maraq getdikcə artır. Bir çox valideynlər övladlarının rus bölməsində təhsil almasına can atırlar ki, bu da məktəblərdə sıxlığa gətirib çıxarır. Xüsusilə böyük şəhərlərdə tələblə müqayisədə rus dilində pedoqoji kadrların azlığı vəziyyəti xeyli çətinləşdirir. Nəticədə 40-50 şagird bir sinifdə təhsil almaq məcburiyyətində qalır.

Bəzən rus dilini doğru-düzgün bilməyən valideynlər “qonşudan geri qalma” prinsipinə söykənərək övladlarının bu dildə təhsil almasına çalışırlar.

Bəs, rus dilinə maraq nədən qaynaqlanır? Niyə övladlarımızın qonşu ölkənin dilində danışmasını arzulayırıq?

Gununsesi.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Modern.az-a bildirib ki, ölkəmizdə rus dilində danışmaq sanki dəb halını alıb:

“Əgər rus bölməsinə artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir. Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqları öz intellektləri ilə seçiləcəklər. Ancaq belə deyil. Əvvəla, indi intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermək daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək üçün öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspert xatırladıb ki, hazırda orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir:

“Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin32%-i deməkdir.

Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var.

Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir”.

K.Əsədov onu da vurğulayıb ki, problemdə çıxış yolu axtarırıqsa, Azərbaycan dilində tədrisin keyfiyyətini yüksəltməliyik.Həmçinin rus bölməsində Azərbaycan dilinin tədrisinə fikir verməliyik: “Rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur”.

Rus dili böyük informasiya məkanıdır…

Ekspertin sözlərinə görə, rus dilində həddindən artıq informasiya mövcuddur: “Son 70 ildə rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmaz faktdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahat danışır, nəinki Azərbaycan dilində.

Təhsil sistemində rus dili böyük rol oynayır. Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də onun üçün yaxşıdır. Gəlin, yaddan çıxartmayaq ki, dünya ərazisinin 6/1 hissəsində yaşayan insanlar bu dildə danışırlar. Rus dilində həddindən artıq informasiyalar var. Bu, bizim üçün böyük informasiya məkanıdır və nəyi pisdir ki?

Düzdür, Kiyevdə rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə zəmin yaradır, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır. Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, sovet dövründən insanlarda rus dilində təhsilin yüksək səviyyədə olması haqqında fikir formalaşıb:

“Bu məsələdə bir neçə məqam var və biz bu nüansları nəzərə almalıyıq.Valideynlərin övladlarını rus dili bölməsinə qoymasının birinci səbəbi odur ki, onların fikrincə, rus dilində təhsil daha yüksəkdir. Düşünürlər ki, övladları rus sektorunda oxumaqla daha yaxşı təhsil alıb, rus dilini də öyrənə bilər. Eyni zamanda, elə valideynlər var ki, özləri rus dilində təhsil aldıqları üçün övladlarının da rus dilində oxumalarını istəyirlər. Təbii ki, biz rus dilində təhsilə tamam qarşı çıxmamalıyıq”.

Deputatın fikrincə, valideyinlər övladlarının hansı dildə təhsil almasını seçərkən gələcəkdə onlara nə qədər səmərəli olacağını düşünməlidirlər:

“Təbii ki, biz rus dilində təhsilin qarşısında durmamalıyıq. Bizə rus dilini bilən kadrlar, mütəxəssislərə də ehtiyac var. Kütləvi şəkildə rus dilində təhsilə üz tutulmasının əleyhinəyəm. Amma rus dilini bilən gənc kadrlarımız olmalıdır ki, onlar gələcəkdə bizim apardığımız informasiya müharibəsində öz fikirlərini ifadə edə bilsinlər”.

Gununsesi.info