Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və digər şəxslər Laçında avtomobil qəzası nəticəsində həlak olan hərbiçi Həsən Ümid oğlu İsmayılovun yas mərasimində iştirak ediblər.
Bu barədə Gununsesi.info-ya Gəncə ŞİH-dən məlumat verilib.
Bildirilib ki, N. Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, başsağlığı verib.
Xatırladaq ki, bu il yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonunun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya düşüb. Hadisə nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha 9 hərbçimiz isə xəsarət alıb.
Qeyd edək ki, Həsən İsmayılov Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.
Gununsesi.info