Niyazi Bayramov sakinlərin problemini dinləyib -FOTOLAR

  • By admin
  • 25 May 2022 22:44

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur.

Növbəti belə görüş ADAU-nun Tələbə yataqxanasında baş tutub. Görüşdə Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə ətraf ərazidə yaşayan sakinlər iştirak ediblər.

Görüşdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən ADAU məzunlarının şəkillərinin yer aldığı lövhənin önünə tər çiçəklər düzülüb.

Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, şəhərin bir sıra ərazilərində asfalt yol örtüyünün yenilənməsi və digər məsələlər təşkil edib.

Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində müasir küçə işıqlanması ilə bağlı yeni layihə icra olunur. Layihə çərçivəsində şəhərin küçə və prospektlərində, heblə çoxmənzilli yaşayış binaların həyətlərində quraşdırılan işıq dirəklərində aparılan test-sınaq işləri yekunlaşdıqdan sonra, elektrik enerjisinin verilişi təmin olunacaq. Layihənin ikinci mərhələsində isə şəhərin digər ərazilərində anoloji işlər həyata keçiriləcəkdir.

Görüşdə həmçinin şəhərdə mövcud olan yolların asfaltlanması məsələsinin nəzarətdə saxlanıldığı bildirilib. Qeyd olunub ki, Gəncə şəhərində içməli su və çirkab su xətlərinin yenilənməsi məqsədi ilə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Sözügedən layihə çərçivəsində işlər “Azərsu” ASC-nin sifarişi ilə “Azəraqrartikinti” ASC tərəfindən görülür. Gəncə şəhərinin küçə və prospektlərinin, məhəllə və qəsəbədaxili yollarının asfaltlanması, abadlıq işlərinin görülməsi də sözügedən layihəyə paralel şəkildə aparılır. Belə ki, təkrar qazıntı işlərinin aparılmaması üçün layihənin icra edilmədiyi və ya tam yekunlaşmadığı ərazilərdə asfalt və bərpa işlərinin görülməsi məqsədəuyğun hesab edilmir. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlərin tam başa çatdırıldığı bir sıra küçə və prospektlərdə isə cari il ərzində asfalt işlərinin görülməsi nəzərdə tutulmuşdur.

Sakinlər tərəfindən dilə gətirilən bir çox məsələ yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.

Görüşdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ADAU-nun yataqxanasında tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Gununsesi.info