Niyazi Bayramov yem və taxıl istehsalı müəssisəsində olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birgə “Mehmanoğlu Yem və Taxıl” MMC-də görülən işlər və yaradılan şəraitlə yerində tanış olub.

Gununsesi.info xəbər verir ki, müəssisə sahibi Mehman Kərimov şəhər rəhbərinə məlumat verərək bildirib ki, yeni yaradılan müəssisədə quş, iri və xırda buynuzlu heyvanlar üçün yem istehsal edilir. Müəssisənin istehsal gücü saatda 10 ton təşkil edir. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 ədəd taxıl saxlama çənləri quraşdırılıb.

Niyazi Bayramov “Mehmanoğlu Yem və Taxıl” MMC-də quraşdırılan avadanlıqlar və yaradılan iş şəraiti ilə yaxından tanış olub, öz tövsiyələrini verib, müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, ilkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.

 

 

 

 

Gununsesi.info