Norveç Rusiyadan gələn turistlərin ölkəyə girişini qadağan edir

Norveç hökuməti ruslara turizm və digər vacib olmayan məqsədlərlə ölkəyə səfər etməyi qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu şəxslərin Skandinaviya ölkəsinin ərazisinə girişi mayın 29-dan etibarən bağlanacaq.

İstisnalar yaxın qohumlarını (valideynləri, həyat yoldaşları, birgə yaşayanlar və uşaqları) ziyarət etmək üçün səyahət edən, həmçinin iş və ya təhsil məqsədi ilə Norveçə və ya digər Şengen ölkəsinə göndərilən Rusiya vətəndaşları üçün nəzərdə tutulub.

Norveçə giriş məhdudiyyəti həm Norveç tərəfindən 2022-ci ilin yazından əvvəl verilmiş vizası olanlara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş viza sahiblərinə şamil ediləcək.

Norveç hökumətinin verdiyi məlumatda deyilir ki, bu qərar ölkənin daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən məhdudiyyətlər tətbiq etmiş müttəfiq və tərəfdaşlarına dəstək vermək istəyi ilə bağlıdır.

Norveç Aİ-nin üzvü deyil, lakin Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyətinə əməl edir. Hətta Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından sonra ilk aylarda ölkə Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Xatırladaq ki, 2023-cü ilin payızında Norveç hakimiyyəti Rusiya nömrə nişanlı və doqquz nəfərə qədər tutumlu minik avtomobillərinin onların ərazisinə daxil olmasını qadağan etmişdir.

Bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa da rusların turizm məqsədi ilə xarici sərhədi keçməsəinə qadağa qoyub.

Norveç Rusiya ilə həmsərhəd olan və turist vizası ilə daxil olmaq mümkün olan sonuncu Avropa ölkəsi olaraq qalmışdır.

 

 

 

Gununsesi.info