Norveçdə yaşayan yazıçı: Buranın hər il dəyişən Yazıçılar Birliyinin sədrinin adını heç kim bilmir”

  • By admin
  • 28 Oktyabr 2022 01:11

Altı ildir, Norveçdəyəm.

İlk beş ildə yaşadığım kommuna hər il mənim yazıçı karyeram üçün 15000 avroya yaxın pul xərcləyib. Dəvət edildiyim bütün festivallara, tədbirlərə təyyarə biletlərim alınıb, otel haqqım ödənib. Yazdıqlarımın böyük bir hissəsinin ingilis və norveç dillərinə tərcüməsi maliyyələşdirilib.

HTML tutorial

Norveç PEN və Norveç Yazarlar Birliyinin üzvüyəm. Bu illər ərzində hər iki qurum mənim onlarla tədbirdə çıxış etməyimi, şeir oxumağımı təşkil edib, təşkilati dəstək göstərib, müraciət elədiyim ədəbi qrantlar üçün tövsiyyə məktubları verib.

Bəzən Osloya gedəndə çatacağım yeri tanımırdımsa, bu qurumların koordinatorları məni qarşılaylb, otelə yerləşdirib, əllərindən gələni ediblər ki, özümü rahat hiss edim.

Bəzən Osloda kimdənsə müsahibə almalı olmuşam. Bunun vacibliyini nəzərə alaraq, Norveç PEN yaşadığım şəhərdən paytaxta təyyarə biletini, gecə qalacağım oteli hətta səhər yeməyimi maliyyələşdirib.

Burda lk kitabım çıxanda, Norveç PEN rəhbərliyi kitabı alıb, şəkil çəkdirib, səhifələrinə yerləşdiriblər. Öz mənəvi dəstəklərini göstəriblər. Hər 8 Mart və Yeni ildə Norveç PEN ünvanıma çiçək belə göndərib. Hə, bir də qızım doğulanda…

Norveç Yazarlar Birliyinin koordinatoru bütün məktublarıma cavab verib, harasa müraciət edəndə, dəstək verib, təzə köçdüyüm şəhərin kitabxanasına mənə yazı üçün otaq ayırmalarına nail olublar.

Əgər hansısa tədbirdə iştirak edirəmsə, NYB qonorarımın özlərinin təyin etdiyi standartlara uyğun almağımın qayğısına qalır. Yazıçı kimi işimi yerinə yetirəndə harrasmentə məruz qalaramsa, NYB hüquqi müdafiəmi təşkil etməyi öz üzərinə götürür.

Bütün bu xidmətlər, dəstək, maliyyələşdirmə təkcə mənə deyil, Norveçdə yaşayıb, yazan bütün qələm adamları üçündür.

NYB-nin öz üzvlərinə göstərdiyi xidmətlərin siyahısını yazsam, adamın dodağı uçuqlayar.

Bütün bu həngamənin fonunda, inanın, NYB-nin az qala hər il dəyişən sədrlərinin adını heç kim bilmir. Çünki bura sədrlik eləməyə gələn, üzvlərə xidmət eləməyə gəlir. Özünə, balalarına, nəvələrinə gün ağlamağa, dövətin maliyyəsini havaya sovurmağa yox. Ona görə də, heç kim kreslodan yapışmır.

Yazıçı yazırsa, qoy, yazsın, qələmini əlindən alan var…kimi məsuliyyətsiz, dövlətin, yaradıcı qurumların xalqın mədəniyyəti, ədəbiyyatı qarşısındakı vəzifələrini iqnor edən bəyanatlar verməklə deyil. Azərbaycan yazıçısı yetimdir, kimsəsizdir, köməksizdir. Dövlətin hər il onlara ayırdığı pullar da Anar kimi təpəgözlərin agzında əriyir…

 

Günel Mövlud