
Norveç Krallığının Azərbaycandakı səfirliyi ölkənin Milli bayramı – Konstitusiya Günü münasibəti ilə Bakıda rəsmi qəbul təşkil edib.
Gününsəsi.info xəbər verir ki, ənənəsinə sadiq qalan səfir Bard İvar Svendsen çıxışına Azərbaycan dilində başlayaraq, Krallığın Konstitusiyasının 204 yaşının qeyd edildiyini xatırladıb. Səfir bildirib ki, müasir Norveç iqtisadi şəffaflığa malik firavan bir ölkədir, müasir Norveçdə insanlar və dövlət arasında yüksək inam var: “Bu ənənələr nəsillərdən-nəsillərə keçərək inkişaf edib və Norveçi daha da gücləndirib. Bu ənənlərin övladlarımız üçün qoruması və inkişaf etməsi bizim vəzifəmizdir”.
Diplomaq vurğulayıb edib ki, bu gün onlar Norveçin azadlığını və eyni zamanda Norveçlə Azərbaycanın dostluğunu da qeyd edir. Onun sözlərinə görə, bu dostluq əlaqələri onların siyasi müstəvidə əməkdaşlığını, enerji sektorundakı birgə maraqlarını və Norveç və Azərbaycan vətəndaş cəmiyyətləri arasındakı yaxın əlaqələri daha da gücləndirir: “Çoxlu sayda norveçlilər bu illər ərzində Azərbaycanda yaşayıb və yaşayır. Norveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Azərbaycan hökuməti adından Norveç xalqını təbrik edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən 26 il ərzində Azərbaycan Norveç münasibətləri bir çox istiqamətlərdə uğurla inkişaf edib: “Ölkələrimizi bir-birinə yaxınlaşdıran digər mühüm amil Azərbaycanla Norveç arasında enerji sahəsində həyata keçirilən əməkdaşlıqdır. Azərbaycana səhmər qoyan ilk xarici neft şirkətlərindən biri kimi Statoil şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyəti enerji əməkdaşlığına böyük töhfədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Norveç Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyir”.
P.Şahbazov ümidvar olduğunu bildirdi ki, ölkələrimzi arasındakı qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə də enerji, və digər sahələrdə daha geniş məcrada inkişaf edəcək.


L.SƏMLA












