Növbəti əfv MTN-nin həbs etdiyi “Səid Dadaşbəyli dəstə”sinin üzvlərinə də şamil olunacaq - HÜQUQ MÜDAFİƏÇİSİ

  • By admin
  • 03 Fevral 2018 11:42

Hüquq müdafiəçiləri hesab edir ki, növbəti əfv sərəncamı və Amnistiya aktı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 2007-ci ildə həbs edilən “Səid Dadaşbəyli dəstəsi”nin üzvlərinə şamil ediləcək və onlar azad olunacaq.

Bu barədə Gununsesi.info-ya açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, növbəti əfv sərəncamı bundan əvvəlki sərəncamlardan ciddi surətdə fərlənəcək: “Qeyd edim ki, “Səid Dadaşbəyli işi” üzrə həbs cəzası alan insanların məhkumluq cəzasının böyük bir qismini çəkiblər və onların da əfv sərəncamına düşəcəyinə ümid edirik. Ümid edirəm ki, növbəti əfv sərəncamı və Amnistiya aktının qəbulundan sonra Azərbaycanda bir nəfər də siyasi məhbus adı daşıyan şəxs həbsdə qalmayacaq və onlar azad olacaqlar. Hesab edirik ki, belə də olacaq”.

Qeyd edək ki, 13-18 yanvar 2007-ci il tarixlərində MTN tərəfindən “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib. Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıb.

MTN-nin öncədən planlaşdıraraq həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən 1974-83-cü illərdə doğulan Səid Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274- ci maddəsi (dövlətə xəyanət), 28.2- ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1- ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278- ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228- ci maddəsi (qanunsuz odlu silah saxlama), 204- ci maddəsi (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma), 234- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) və s. maddələrlə ittiham olunuraq müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Onu da qeyd edək ki, indiyədək “Səid Dadaşbəyli dəstə”si üzvlərinin ailələri və özləri bir neçə dəfə ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edərək, işlərinə yenidən baxılması ilə bağlı xahiş ediblər.

Bir il öncə isə onlar yenidən Azərbaycan prezidenti İlham Əliyevə, baş prokuror Zakir Qaralaova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək onlardan kömək istəyiblər.

Mürtəza

Gununsesi.info