“Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi, Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir? Məncə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsiylə bağlı Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu, baş vermir.
O, deyib ki, əksinə, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər.
“Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir. Mövlud Çavuşoğlu son açıqlamasıyla hamını çaş-baş salıb. Azərbaycan cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil. Növbəti 5 ay da “Rusiya 5 rayonu azad edəcək” ümidi ilə yaşamalıyıq?”-deyə, politoloq sözlərinə əlavə edib.
K. HƏMZƏOĞLU
Gununsesi.info