Novruz Məmmədov: “Sarkisyan çaşqın idi”

  • By admin
  • 23 May 2016 13:34

novruz

PA RƏSMİSİ VYANA GÖRÜŞÜNÜ ŞƏRH EDİR

“Sarkisyan həddindən artıq çaşqın idi. Hazırkı situasiyada nə etmək lazım olduğunu konkret bilmirdi. Onun mövqeyi əvvəlcədən formalaşmış bir mövqe deyildi. Belə olan halda çaşqınlıq onun sifətində daha çox hiss olunurdu”.

Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

Mir Şahinin suallarını cavablandıran administrasiya nümayəndəsi, aprel ayının əvvəlində baş verən hadisələrin Ermənistan tərəfinin düşünülmüş, yaxud da düşünülməmiş addımı olmasına baxmayaraq dünya ictimaiyyətinin bu məsələyə diqqətini cəlb etdiyini nəzərə çatdırıb. Həmçinin Novruz Məmmədov belə bir formatda görüşün ilk dəfə keçirildiyini qeyd edib:

“Avropada, ABŞ-da, hətta Rusiyanın özündə belə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır. Bunun həllini ortaya qoymağın vaxtı gəlib çatıb. Əsas fikir isə ondan ibarət oldu ki, dünyada yeni bir qaynar nöqtə yaratmaq lazım deyil. Ermənistan tərəfi belə bir situasiyada düşünürdü ki, özünü o formada ortaya qoysun ki, onun mövqeyi tərəflər üçün, nümayəndə heyətlərinin rəhbərləri üçün qəbul edilən, inandırıcı olsun”, – deyə administrasiya nümayəndəsi Vyana görüşünü şərh edərkən deyib.

Daha sonra Norvruz Məmmədov danışıqlardan sonra Ermənistan prezidentinin verdiyi açıqlamalardan və bütün bu açıqlamalara cavab olaraq Azərbaycanın təvazökarcasına susqun mövqe tutmasına da toxunub. O, Ermənistan tərəfinin bu cür çıxışları adətən özlərinə haqq qazandırmaq, əsasən də daxili ictimiaiyyətə öz mövqelərini yürütmək və özlərinə bəraət qazandırmaq üçün etdiyini qeyd edib: “Soçi, Paris, Kazan görüşündən sonra olduğu kimi onlar bu dəfə də açıqlama vermək üçün bir daxili tələbat hiss etdilər. Biz bu cür bəyanatlarla münaqişənin həllinə gəlib çatmağı mümkünsüz hiss edirik. Bu bəyanatlar başqa məqsədlərə xidmət edir”.

Azərbaycan tərəfinin bu proseslərdə ədalətli mövqe ortaya qoyulmasını tələb etdiyi söyləyən Novruz Məmmədov real proseslərə qiymət verilməsinin əsas tələblərdən biri olduğunu vurğulayıb.

“Azərbaycan torpaqları 25 ilə yaxındır ki, işğal altında qalıb. Bununla bağlı mövqeyini ATƏT bildirmirsə, bu başqa məsələ, heç olmasa bu baş verən proseslərə münasibət bildirməlidir”, – deyə Novruz Məmmədov beynəlxalq ictimaiyyətin susqun mövqe tutmasını tənqid edib.