Nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedəcəyimi istisna etmirəm- AŞ PA-da MANDATI DONDURULAN SƏMƏD SEYİDOV JURNALİSTLƏR QARŞISINA ÇIXDI

Nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedəcəyimi istisna etmirəm

Avropa Şurası tərəfindən bu qurumda mandatı dondurulan Səməd Seyidov mətbuat konfransı keçirib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu qurumun Azərbaycana qarşı ikili standartları olduğunu deyib: “Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

O qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz:

“Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir.

Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.

Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir”.

Səməd Seyidov deyib ki, çoxsaylı problemləri olan Ermənistanla bağlı yalnız müsbət məruzlərin şahidi oluruq: “Bu gün Azərbaycanın inkişafına təsir göstərmək istəyirlərlər. Bir aydan sonra TANAP-ın açılışıdır. Azərbaycanın Avropa qurumları, ölkələri ilə yüksək əlaqələri var. Burada erməni maraqları var və bizi Avropa istiqamətindən çəkindirmək istəyirlər. Biz Avropa ilə münasibətlərimizin inkişafını istəyirik”.

Daha sonra media nümayəndələrinin suallarına cavab verən Səməd Seyidov AŞPA-dakı heyətin rəhbərliyindən istefa verib-verməməsinə aydınlıq gətirib. O, bildirib ki, Azərbaycanı qurumda təmsil edənlərin əksəriyyəti eyni siyasi partiyanın üzvləridir: “Ona görə də məni başqasının əvəz etməsində qeyri-adi heç nə yoxdur. Bunu istisna etmirəm. Bunun bağlı parlamentdə müzakirələr olacaq. Hansısa vəzifə əbədi deyil. Bu şəxs  başqa şəxs də ola bilər. Azərbaycan təcrübəsində belə olmayıb ki, kimsə hansısa qurumda əbədi qalsın”.

Azərbaycanın Avropa Şurasından çıxmasına gəlincə, Səməd Seyidov bildirib ki, ölkəmiz bu qurumla əməkdaşlığını davam etdirəcək: “Avropa Şurasından çıxmaqdan söhbət gedə bilməz. Sanksiya var amma bu bizim nümayəndə heyətinin hamısına tətbiq edilməyib. Mən məcburam ki, bu sanksiyaya əməl edəm. Amma bizim ölkəmiz bu qurumda fəaliyyətini davam edəcək”.

Gununsesi.info

 

COMMENTS