ABŞ-ın İsrailə dəstəyinə görə Amerika prezidenti Co Baydenə etiraz edən 50-yə yaxın Fələstin tərəfdarı Nyu-Yorkda saxlanılıb.
Gununsesi.info xəbər verir ki, yüzlərlə etirazçı Baydenin ABŞ komediyaçısı və teleaparıcı Set Meyersin proqramında iştirakının qarşısını almaq üçün Manhettendə “Rokfeller Plaza” binasında NBC telekanalının foyesinə basqın edib.
Əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları plakatlar qaldıraraq, NBC-nin binasının foyesində oturaq aksiya keçiriblər. Etirazçılar soyqırımda ittiham olunan İsraili “dərhal atəşkəsə” və Baydeni Təl-Əvivə dəstəyi dayandırmağa çağırıb.
Etirazçıların pankartlarından birində “Yəhudilərdən Baydenə: Holokostu silahlandırmağı dayandırın” yazılıb.
Bu arada Nyu-York Polis Departamenti (NYPD) televiziya binasının ətrafında və onun foyesində geniş təhlükəsizlik tədbirləri həyata keçirib. Polis 50-yə yaxın etirazçını saxlayıb.
Gununsesi.info