Nyu-Yorkda son sutkada 139 nəfər pandemiyanın qurbanı oldu

  • By admin
  • 17 May 2020 21:15

Son gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı demək olar 140-a çatıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, bir gün əvvəl bu rəqəm 157 təşkil edib.

Qubernatorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı azalıb, bununla yanaşı, süni nəfəs aparatlarına qoşulanların da sayında azalma mövcuddur.

Endrü Kuomo deyib ki, şənbə günü koronavirusa yoluxmuş 374 nəfər xəstəxanaya yerləşdirilib. “İtirilmiş həyatların sayı 139-dur”, – qubernator qeyd edib.

Kuomonun nümayiş etdirdiyi qrafikə əsasən ölüm göstəriciləri martın 26-ı ilə müqayisədə azalıb.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, son gün ərzində ölkədə koronavirusa 24 996 yeni yoluxma qeydə alınıb, daha 1 224 pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlarda ümumilikdə 1 467 884 insan koronavirusa yoluxub, 88 754 nəfər ölüb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org