Azərbaycan Prezidentinin Mətbuat xidməti sentyabrın 6-da 5 gün öncə ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi barədə məlumat yayıb.
Məlumata görə, telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Açıqlamaya görə, İ.Əliyev vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, dəstəkləməkdə davam etdiyi separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir.
“Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır…Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər”, məlumatda vurğulanıb.
Məlumata görə, Prezident İlham Əliyev qeyd edib ki, onlar ilə razılaşdırılmadan “Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi”, onların daxili işlərinə qarışmaqdır, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.