O’Brayndan Azərbaycanla bağlı mesajlar - AMERİKALI DİPLOMAT SÜLH SAZİŞİNİN İMZALANMASI İLƏ YANAŞI HƏBSDƏKİ SİYASİ FƏALLARA AZADLIQ İSTƏYİB

ABŞ Dövlət katibinin köməkçisi, səfir Ceyms O’Brayn Dövlət Departamentinin Brüssel Media Qovşağında bir qrup media nümayəndəsi üçün brifinq keçirib.

Gununsesi.info bildirir ki, Bayden administrasiyasının Avropa və Avrasiya üzrə məsul rəsmisi olan O’Brayn Azərbaycan və Ermənistan arasında sülh sazişinin perspektivləri haqqında danışıb. O, bildirib ki, rəsmi Vaşinqton iki ölkə arasında davamlı və ləyaqətli sülhü dəstəkləyir və daha çox kömək etmək istəyir:

“Biz Azərbaycan və Ermənistanın ikitərəfli əsasda möhkəm gündəliyə malik olmasından və qalan məsələləri həll etmək əzmində olmasından çox ümidlənirik”.

Amerikalı diplomat deyib ki, işlənilməsi üçün daha çox şey var: “Biz də onlara kömək edə bildiyimiz dərəcədə, dəstək olmaqdan məmnunuq”.

ABŞ-la Azərbaycan arasındakı münasibətlərə gəlincə, diplomat deyib ki, hər iki ölkə ilə iqtisadi, təhlükəsizlik və siyasi sahələri əhatə edən tam əlaqələri var:

“Biz onların hər ikisinin sülh razılaşmasından faydalanmasını istərdik. Biz bunun ən məqbul olan şəkildə sona çatması üçün çalışacağıq”.

O, daha sonra əlavə edib:

“Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı üçün daha çox xidmət göstərməsi üçün daha bir gözəl fürsətdir. Ermənistanda islahatların gündəliyi çox təsir edicidir. Azərbaycan seçkilərə gedir və mən bu ölkənin regional iqtisadi inkişafa nə qədər əhəmiyyət verilməsindən məlumatlıyam. Məncə, sülh razılaşması bu planlara yalnız kömək edəcək”.

O’Brayen deyib ki, Vaşinqton “həbsdə olan bəzi şəxslərlə bağlı narahatlıqlarımızdan tutmuş ikitərəfli məsələlərə qədər” gündəmdə olan bütün məsələləri hər iki ölkə ilə müzakirə etmək istəyir.

“İrəli getdikcə bizim çox dolğun bir gündəliyimiz olacaq. Ancaq bunların hamısı iki ölkə arasında davamlı və ləyaqətli sülhü təşviq etmək çətiri altında mümkündür”.

 

 

 

Pərviz Həşimli

Gununsesi.info