“O səs Türkiyə” artıq mənim üçün maraqsızdır” - Çinarə Məlikzadə - FOTOLAR

  • By admin
  • 15 Dekabr 2016 13:14

cina-6

Xalq və bəstəkar  mahnılarını  öz tərzi ilə ifa edərək , gəncləri çəkdiyi videolara cəlb etməyi bacarıb. Söhbət gənc ifaçı Çinarə Məlikzadədən gedir.

Gununsesi.info-nun budəfəki qonağı  Çinarə Məlikzadədir.

Sözügedən müsahibəni təqdim edirik:

-Bir çox müsabiqələrdəki iştirak etmisiniz. Birinci dəfə “Yeni ulduz” yarışmasında çıxış etdiniz. Sonuncu dəfə isə səsiniz Türkiyədən gəldi. “O səs Türkiyə”televiziya yarışması sizə nəsə qazandırdı?

-Əlbəttə. Ətrafımdakı  insanların sayı artdı , yeni təkliflər gəldi. Yarışma bitəndən sonra gələn təklifi qəbul etdim və artıq bir ildir orda çalışıram. Həyatımda dəyişiklik olsun. Orda maraqlı günlər keçirdim. Baxmayaraq ki, birinci yeri tutmadım, amma dostlar qazandım.Səhnədə çıxış etmək vərdişi yaranır və artıq alışırsan.

-Orada hansısa müqavilə əsasında çalışırsınız?

-Xeyr, ayrı-ayrı məkanlarda səhnə alıram.

“Məhşurlaşacağını gözləmirdim”

– Hər kəs sizin son zamanlar sosial şəbəkələrdə yayılan videolarınızdan bəhs edir.

-Düzünü desəm, bu dərəcədə məhşurlaşacağını gözləmirdim. Belə bir video çəkmək fikrim var idi, amma reaksiyanın bu cür gələcəyinə inanmırdım. Hər şey birdən-birə oldu.

-Bir neçə müsabiqədə iştirak etməyinizə baxmayaraq   məhşurluq qazandırmayıb. Videoların təqdim edilməsi tanınmaq üçün edilən  jest qəbul edilə bilərmi?

Dostum sağ olsun, o, mənə çox kömək oldu. Onunla bu barədə fikirlərimi bölüşdüm və videonu ona göndərdim. O da köməyini əsirgəmədi. Mənə müsabiqələr məhşurluq verməyib, çünki həmin səhnədə özün ola bilmirsən,  istər-istəməz qaydalara riayət etmək məcburiyyətindəsən. Amma bu videolarda rahatlıq, səmimilik var. İçimdən necə gəlibsə, elə də oxumuşam. Artıq  insanlar səmimilik axtarır. Mənə deyirlər ki, videolara baxanda bizim üçün oxuduğunu düşünürük, ona görə xoş olur.  Məhz bu rahatlıqdır ki, həmin videoların sevilməsinə səbəb olub.

– Planlarınız nədir? Hansısa təkliflər almısınızmı?

-Təkliflər çox olur. Hazırda mahnılarımın  üzərində çalışıram. “Gedək üzü küləyə” adlı mahnıya klip çəkdiririk. Ən çox bu mahnı sevildi, ona görə klip çəkdirmək qərarına gəldik. Hazır olan kimi təqdimatını da edəcəyik.

-Sizin üçün yazılmış yeni bəstələr var?

-Bəli, var. Musiqisi Sevinc Tofiqqızı,  sözləri Aygün Məmmədovaya aid olan “Bir sən varsan bir də mən” adlı yeni mahnı var. Sözü gedən mahnını Sevinc xanım mənə hədiyyə etdi. Bir neçə bəstəkar var ki, mahnılarını veriblər, hələ oxumadıqlarım çoxdur.  Hətta, gənc istedadlılarımız da əsərlərini oxumağımı təklif edirlər.Mən də böyük məmnuniyyətlə,  ifa etmək istəyərəm, onlara dəstək olmaq üçün çünki, mən özüm də dostlarımın dəstəyi ilə yavaş-yavaş  gəlirəm. Dostlarımdan çox dəstək alıram. Türkiyədən yeni qayıtmışam. Onlar dedilər ki, qal, öncə burda tanın, sonra ora nə vaxt istəsən, gedə bilərsən. Mənim ətrafımda çox yaxşı dostlarım var. Sevinirəm ki, belə bir insanların əhatəsindəyəm. Mənə  hər zaman dəstək olublar.

“Çəkirəm…”

-Videolarınızı  çəkməyə davam edəcəksiniz yoxsa dayandırırsız.

-Çəkirəm, çünki istəyirlər. Məhz onlara görə sevildim.

Videolarda yalnız köhnə musiqiləri  ifa edirsiniz. Bunu məqsədli şəkildə edirsiniz?

-Bəli. Həmin mahnılara  müraciət etməkdə məqsəd  gəncləri  unudulmuş musiqilərə çəkməkdir. Çünki yaşlı nəsil onsuz da həmin mahnıları yaxşı bilir və sevirlər. İstəyirəm gənclərə bu mahnıları sevdirim bu səbəbdən fərqli formada ifa etməyə çalışıram ki, cəlb edə bilim. İnanmazdım ki, “Gedək üzü küləyə” mahnısını bu qədər gənc sevsin. Əksər gənclər tanımırdı. Şövkət Ələkbərovanın ifasında Elza İbrahimovanın həmin bəstəsi əsasən  yaşlılar tərəfindən sevilirdi. Mən əsasən ona sevinirəm ki, gənclər görüb tanıyır və sevir. Bu mahnılar demək olar ki , oxunmur.

-Türkiyədəki vəziyyəti necə dəyərləndirirsiniz? Bizim əksər müğənnilərimiz Türkiyə şou-biznesinə qoşulmaq üçün can atırlar. Bəzilərində bu alınır bəzilərində isə yox. Sizcə buna dəyər? Nə Vaxtsa biz də onlar kimi sevilə bilərikmi?

– İnsan elə bir məxluqdur ki, arzuları bitmir. İstəklərin bitməsi mümkünsüzdür. Onlar bizi çox sevirlər. Kimsəni görməmişəm, yalnız özüm üçün deyə bilərəm ki, mənə indi də yazırlar ki, gəl Türkiyəyə. Özləri ilə bizim aramızda fərq qoymurlar, sevəndə sevirlər.

“Dedilər ki, onsuz da keçməyəcəksən…”

-“O səs Türkiyə” yarışmasındakı musiqi seçiminiz deyəsən uğursuz idi, səs imkanlarını göstərə bilmədiniz…

-Düzdür, mənim o yarışmaya qatılmağım təsadüfi oldu. Seçimlərdə iştirak etdim və seçildim. Fərqlənəcəyimi bilmirdim və buna hazır da deyildim. Hər şey gözlənilmədən oldu. Mahnı seçmək üçün vaxt az idi, bundan əlavə mahnını da onlar seçirlər. İkinci turda mən hətta onlara dedim ki, tonallıq düzgün götürülməyib mənim üçün bəmdi,  boğuluram, onlar dedilər ki, yox yaxşıdı. Mən içəridə əyləşəndə dedilər ki, onsuz da keçməyəcəksən, çünki jürilərin yerləri dolub. Amma elə oldu ki, döndülər.

-Buna bir şanssızlıq demək olarmı?

-Məncə, hə!  Həm gec idi, yəni, artıq yerlər dolmuşdu.  Yeni olanda yaxşı səsə çevrilirlər amma sonra iştirakçılar arasında böyük seçim edirlər. Mən də Elnurun ərəfəsində qatılmışdım. Özüm  olmasam da sevindim ki, birinci yeri Azərbaycan qazandı.

-İkinci dəfə özünüzü  tam göstərmək üçün  qoşulmaq istəyərsiz?

-Xeyr,artıq mənim üçün maraqsızdır. Gedib görmüşəm deyə, istəmirəm, kənardan insana maraqlı gəlir.

-Musiqi təhsiliniz  var?

-5 il fortepiano üzrə təhsil almışam. Ali təhsili Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti üzrə bitirmişəm.

“Aktrisa da, müğənni də səhnədə birləşəndə daha gözəl olur…”

-Niyə vokal üzrə təhsil almamısınız?

-Mən əslində vokal və aktyorluğu bir–birinə yaxın hesab edirəm. İkisi də bir-biri ilə bağlıdır. Aktrisa da, müğənni də səhnədə birləşəndə daha gözəl olur. Bu ikisini bir görürəm . Artıqlıq etmir əksinə daha da yaxşıdır.

-Öz sənətiniz üzrə təhsil almaq istəmirsiniz?

-Xeyr istəmirəm. Müğənni kimi işimi genişləndirmək fikrim var amma  təhsil almağı düşünmürəm.

-İstərdinizmi Türkiyə şou biznesinə qoşulasınız?

-Əlbəttə  istərdim ki, amma hələ ki, burda qalıb özümü tanıtmaq istəyirəm. 1-dən 5-ci mərtəbəyə pillə-pillə qalxmaq lazımdır, yavaş-yavaş qalxanda daha yaxşıdı.

cina-6

cina-7

cina-9

Sevinc Xeyrulla

Gununsesi.info