Seyran Səxavətin hansı əsərlərini oxumusunuz, bilmirəm. Hansını onun şah əsəri hesab edirsiniz, bunu bilmirəm. Ancaq mənə görə Seyran Səxavət özü Allahın sözbəsöz diqtə etdiyi və millətimizin də qələmə aldığı şah əsərdir.
Qarabağ torpağında yazılmağa başlamış, sonrakı fəsilləri Bakıda, Azərbaycanın hər yerində yazılmış bir möhtəşəm ədəbi şedevrdir Seyran Səxavət. Yeni fəsilləri hələ də yazılmaqda davam edir…
Elə yazıçılar, elə qələm adamları var, sözün namusuna toxunur. Sözün ismətini ləkələməkdən sanki həzz alır. Sözü öz şəxsi, “bədii” şəhvətinin qurbanına çevirir. Sözlə lakey kimi davranır.
Seyran Səxavət isə, əksinə, Sözün namusunu qoruyur. Sözü yerdən qaldırıb öpüb gözünün üstünə qoyur. Ramiz Rövşən demişkən, Sözün tozunu alır. Silib, təmizləyir, hisdən-pasdan arındırıb, ürəyinin üstündə, dilinin ucunda saxlayır. Yeri düşəndə o Sözü layiq olduğu o təmiz, ağ vərəqlərə bükür, üstünə Ədəbiyyat “markası” yapışdırıb, Əbədiyyətə pay göndərir.
Yaxından tanıyanlar, dərindən bələd olanlar yaxşı bilir: Seyran Səxavət həmişə sözünün ağasıdır. Amma Sözün ağası deyil.
Bəziləri kimi Sözə lakey kimi baxmır, qul kimi rəftar etmir. Sözlə dostluq edir, sirdaşlıq edir. Yeri gələndə ata qayğısı göstərir, yeri gələndə qardaş sevgisi. Sözə sevgili kimi baxır; Sözə vurulur, sevir-sevilir, “sevişir”. Bu “ədəbi izdivac”dan sağlam və güclü, ağıllı və əxlaqlı “balalar” – romanlar, povestlər, hekayələr, pyeslər, şeirlər doğulur. Nur topu kimi oğlan-Söz. Su sonası kimi qız-Söz.
Seyran Səxavət özlüyündə ədəbiyyatımızın, mədəniyyətimizin şah əsəridir. Seyran Səxavət dil təfəkkürümüzün başına gələn ən qeyrətli hadisədir. Seyran Səxavət ana dilimizin düzgün işləyən “təmizlik qurğusudur”, millətinin dərdlərinin süzgəcidir.
Mən necəsə bir dəfə ustad sənətkar, rejissor Ramiz Həsənoğluna bir “poetik” cızmaqara həsr etmişdim. Orda belə bir bənd vardı:
“Allahın yarım qoyduğu
Filmin ardını çəkirəm.
Dünya çoxdan dəli olub,
Mən də dərdini çəkirəm”.
Seyran Səxavət də, bax, çoxdan dəli olmuş bu dünyanın dərdini çəkən azsaylı “yaradıcı dəliqanlıların” ən ağıllısıdır. Dəli-dolu və ağıllı…
Seyran Səxavəti çoxdan görmüşdüm. Doxsanıncı illərin axırında, iki mininci illərin əvvəlində. Əvvəl də, sonra da.
Gözlərində bulanıqlıq var idi. Üzündə tutqun hava əsirdi. Səsi indikindən qısıq səslənirdi. Sözləri yarımçıq, fikirləri alaçiy çıxırdı. Gülüşləri “günahkar” çıxırdı. Seyran Səxavətin üzündəki adam adamların üzünə baxırdı, içindəki insan insanlardan qaçırdı sanki. Çox fərqli idi o Seyran Səxavət bu Seyran Səxavətdən. Dünən, tutaq, Bakıda “Şuşa” restoranında oturub dostları ilə yeyib-içib, dərdləşən, Şuşasızlıqdan kədərlənən Seyran Səxavətlə bu gün Şuşadan – Cıdır düzündən bütünləşmiş ölkəsinə baxıb qürurdan qəhərlənən Seyran Səxavət arasında Yerlə Göy qədər fərq var.
Bu gün baxıram, üzündəki duman da dağılıb gedib, gözündəki buludlar da sovrulub, çəkilib. Daha sözləri də bütövləşib. Gözlərinə işıq gəlib. Səsi də əvvəlkindən də gur çıxır.
Kim azad olunmuş Qarabağı görmək istəyirsə, Seyran Səxavətdən yaxşı “bələdçi büroşürü” tapa bilməz. Seyran Səxavət ayaqüstə gəzən Ərgünəş silsiləsidir, Kirs zirvəsidir. Danışan Cıdır düzüdür. Yeriyən Laçındır. Canlı Qarabulaqdır, Şuşadır, Xankəndidir. Boyu uzunu Kəlbəcər dağlarıdır. Nəfəs alan, yaşayan Qarabağdır.
Qarabağın yenidən doğuşu ilə sanki dünyaya Seyran Səxavət də yenidən gəlib. Bu, əsl Seyran Səxavətdir. Bu Seyran Səxavəti gözləyirdim. Əsgərimiz azad etdiyi Qarabağdan mənə, bizə Seyran Səxavəti yenidən bayram hədiyyəsi olaraq göndərib. Göndərib və ona deyib: “Yağlıvənd balası, o müqəddəs Sözün xətrinə səni yetmiş səkkiz yaş cavanlaşdırmışam, get, bir ömür təzədən yaşa…”
Bahəddin Həzi
Gununsesi.info