“Bullinqə məruz qalan qızın 16 yaşı var. Bu videoya baxanda insan çox üzülür”.
Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova qurumun rəsmi feysbuk səhifəsində canlı yayım zamanı deyib.
O bildirib ki, istənilən davranışın bir hüququ nəticəsi olmalıdır. “Əgər şəxsiyyəti alçaldan, fiziki, psixoloji təzyiqlər varsa, bu, cəmiyyətdə xaos yaradır”, – Komitə rəsmisi qeyd edib.
T.İbrahimova faktla bağlı araşdırma aparıldığını vurğulayıb:
“Bəzi məqamlar var ki, onlar barədə yekun nəticələrdən sonra danışmaq lazımdır. Yeri gəlmişkən bildirmək lazımdır ki, qarşı tərəf özü də bənzər davranışlara yol verib. Zərərçəkən şəxsin daha əvvəllər həmin qızlara qarşı ləyaqəti alçaldan hərəkətlər etdiyinə dair iddialar da var. Lakin bu barədə təfərrüatlı şəkildə araşdırma aparıldıqdan sonra danışmaq mümkündür. Lakin sosial şəbəkələrdə paylaşılan videoda bir şəxsin digərini cəzalandırdığı və bundan zövq aldığı görünür. Belə başa düşülür ki, həmin uşaqların heç birinin ailəsində düzgün tərbiyə yoxdur”.
Komitənin rəsmi nümayəndəsi deyir ki, uşaqlar qanunla cəzalandırılaca biləcəyini dərk etmir: “Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək”.
O xatırladır ki, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır:
“Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu var. Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək. Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bullinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək.
Baxın, orada videonu çəkən şəxs “dayan, bəsdir” deyir. Lakin çəkməyə davam edir. Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır. Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlara, QHT-lərə məsələni diqqətdə saxlanmasını xahiş edirəm. Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir”.
Gununsesi.info