“Oba” marketlər şəbəkəsindən narazılıqlar var

  • By admin
  • 30 May 2018 16:23
"Oba" marketlər şəbəkəsində köhnə mallar satılır?

Bir müddətdir ki, Bakıda fəaliyyət göstərən “Oba” marketlər şəbəkəsindən narazılıqlar var.

Gununsesi.info Cebhe.info-ya istinadən bildirir ki, bununla bağlı məlumat verən narazılar iddialarında marketdə satılan məhsullar ucuz olsa da, vaxtı keçmiş olur. Bununla yanaşı, şikayətçi Şərqiyyə Hüseynovanın sözlərinə görə, sözügedən marketlərdə satılan şiriniyyat məmulatları əzik və istifadəyə yararsız olur:

“Ucuz olmasına görə, hamı “Oba” marketə qaçır. Amma bilmirlər ki, məhsulların çoxunun ya vaxtı keçir, ya da istifadə müddətinin bitməsinə az qalmış olur. Dəfələrlə görmüşəm ki, ya vaxtı keçib, ya da məhsul digər marketlərdəki ilə müqayisədə keyfiyyətsizdir. İnsanları da qınamaq olmur. Ucuzdur deyə gedib oradan çox məhsul almaq istəyirlər. Amma biraz diqqətli olsalar, daha yaxşı olar”.

Digər şikayətçi Məhəmməd Həsənov da, eyni haldan narazılıq edir. Bildirir ki, bir neçə dəfə olub ki, marketdən aldığı məhsulu aparıb qaytarmalı olub. Bu hadisədən də sonra sözügedən marketdən alış-veriş etməyib:

“Təzə açılanda oradan çox alış-veriş edirdim. Bir neçə dəfə yararsız məhsulların olduğunu görəndən sonra oradan imtina etmişəm. Düzdü digər marketlərdən qiymətinə görə fərqlənir. Amma bizim üçün keyfiyyət də önəmlidir. Çünki qida insan həyatının ən vacib amillərindən biridir”.

***

“Müştərinin bildirdiyi şikayətlərin əsası yoxdur və düşünürük ki, yanaşma qərəzlidir.”

“OBA” marketlər şəbəkəsindən Cebhe.info-ya göndərilən açıqlamada belə deyilir.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr departamentinin göndərilən açıqlamada bildirilir ki, marketin bütün filiallarında müştəri şikayətləri üçün bölgə müdirinin, müştəri xidmətlərinin və aidiyyətı üzrə rəhbər şəxslərin nömrəsi qeyd olunub:

“Hər hansı bir xoşa gəlməz hal olduqda adətən müştərilər həmin nömrələrlə bizimlə əlaqə saxlayır. Bundan başqa obamarket.az saytında, sosial şəbəkələrdə müştərilərin sualları aktiv şəkildə cavablandırılır. Qeyd olunan şəxslərdən bizə heç bir şikayət və ya məlumat daxil olmayıb.

Məlumat üçün bildirək ki, “OBA” marketlərdə satılan məhsullar digər məhsullara nisbətən 20%-ə qədər ucuzdur. Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. Mərkəzləşdirilmiş anbar və logistika mərkəzləri sayəsində məhsulların mağazalara çatdırılmasını özümüz həyata keçiririk. Bununla da satışda olan məhsullar əlavə distribüter xərclərindən azad olur. Biz məhsulların qiymətini artıracaq əlavə xərcləri minimuma endirdik: mağazaların dizaynı, rəflərin düzülüşü, işçi sayı, çatdırılma, marketinq və reklam xərclərinin əksəriyyətindən imtina etmişik. Bu da birbaşa əhalinin daha uyğun qiymətə və yüksək keyfiyyətli məhsullar əldə etməsinə şərait yaradır.”