Obama Baydenin kampaniyası üçün maliyyə toplanmasında iştirak edir

  • By admin
  • 24 İyun 2020 11:54

 

ABŞ-ın sabiq prezidenti Barak Obama Demokrat partiyasından namizəd olacağı gözlənilən Co Bayden üçün ilk maliyyə toplanmasında kampaniyasından əvvəl 120.000 fərdi donordan 4 milyon dollardan çox pul toplayıb.

Gununsesi.org ABŞ mediasına istinadən xəbər verir ki, maliyyə toplanması kampaniyası çərşənbə axşamı onlayn keçiriləcək və eyni zamanda Obamanın populyarlığını onun sabiq vitse-prezidenti, indi özü prezident seçilməyə çalışan Baydenə ötürə bilməsi üçün yeni bir sınaq olacaq. Obamanın komandasının payıza doğru sıx iş qrafikinin olacağı güman edilir, çünki o yalnız Baydenə deyil, həm də Nümayəndələr Palatası və Senata seçilmək istəyən demokratlara kömək etməyə çalışır.

Obama Ağ Evdə olduğu müddətdə bəzən digər Demokrat namizədlərin seçilməsinə kömək etməkdə çətinlik çəkib. Demokratlar 2010-cu ildə Nümayəndələr Palatası və 2014-cü ildə Senata nəzarəti itiriblər. Lakin prezident Donald Trampın dövründə Demokratlar Obamanın xüsusən də qaradərili və gənc seçicilər arasında Baydenə dəstəyin artırılmasına kömək edə biləcəyinə inanır.

“Baydenin ona dəstək verməsi lazım olan iki seçici qrupu var” – deyə, Ağ Evin keçmiş kommunikasiya direktoru Dan Pfeyfer bildirib. “2012-ci ildə Obamaya səs verib, 2016-cı ildə passiv olan 4 milyon seçici var. Və 2012-ci ildə Barak Obamaya, 2016-cı ildə ya Trampa, ya da üçüncü namizəd səs verən bəzi seçiciləri inandırmaq lazımdır. Obamanın bu insanlar üzərində yüksək səviyyədə nüfuzu var” – deyə, o əlavə edib.

Obama Baydenə aprel ayında video müraciət vasitəsilə dəstəyini bildirmişdi, lakin o, demokratların ilkin seçkiləri zamanı səssiz qalmaq və ölkə siyasətindən uzaq durmağa üstünlük vermişdi. Son həftələr Obama Minneapolisdə Corc Floydun polis nəzarətində ölümündən sonra polisin işi və vətəndaş iğtişaşları barədə danışaraq yenidən ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Gununsesi.org