Obama istehsalın artırılması məqsədilə yeni təşəbbüsləri açıqlayıb

  • By admin
  • 21 İyun 2016 15:08
Obama
ABŞ prezidenti Barak Obama ABŞ-da sənaye istehsalı sahəsinin canlandırılması məqsədilə innovasiyaların nəzərdə tutulduğu yeni təşəbbüsləri açıqlayıb.
Vaşinqton ştatında biznes liderlərinin qatıldığı illik SelectUSA sammitində danışan Obama deyib ki, ictimai və özəl sektorlarda smart sensorlar və rəqəmsal texnologiyaların inkişaf etdirilməsi üçün istehsalın artırılmasına nail olması məqsədilə 200 tərəfdaşdan ibarət koalisiyaya 140 milyon dollar məbləğində vəsait ayrılacaq.
Smart İstehsal Liderlik Koalisiyası ABŞ-ın Energetika Departamentindən özəl ianələr vasitəsilə 70 milyon dollar məbləğində vəsat alacaq. İstehsal və elmi tədqiqat müəssisələri, eləcə də gəlirsiz təşkilatlardan ibarət olan koalisiya Energetika Departamenti ilə tərəfdaşlıq apararaq, Smart İstehsal İnnovasiya İnstitutuna başçılıq edəcək.
“Heç bir ölkə qabaqcıl istehsal sahəsində rəqabətə davamlılıqda bizə çata bilməz. Dünyada heç bir ölkədə bu qədər sahibkar və hesablayıcı texnika yoxdur. Heç bir ölkədə istehsal və bərpa, sahibkarlıq, risk, innovasiya və ixtira mədəniyyətinin yaranması üçün bu qədər iş görülməyib”-deyə prezident Obama bildirib.
ABŞ-da 2000-2010-cu illər arasında istehsal sahəsində altı milyon iş yeri ixtisar edilib və başqa ölkələrə köçürülüb. Bu rəqəm Amerikada istehsal sahəsində işçi qüvvəsinin üçdə birindən çoxunu təmsil edir. 2010-cu ilin fevralından başlayaraq, ABŞ-da avtomobil sənayesinin genişlənməsi və xarici ölkələrdə istehsal qiymətləri artdığı şəraitdə 800 min yeni iş yeri yaradılıb.
Qərargahı Kaliforniya ştatının Los Anceles şəhərində yerlşən yeni sənaye-istehsal mərkəzi Obamanın yaratmaq istədiyi 15 layihə arasında doqquzuncudur.
İnnovasiyalara həsr edilmiş bu bir həftə ərzində Obama Stanford universitetində qlobal sahibkarlıq sammitində iştirak edəcək. ABŞ prezidenti sammitdə Facebook şirkətinin təsisçisi Mark Zukerberq və başqaları ilə müzakirələrə qatılacaq (“Amerikanın səsi”).