Azərbaycan klublarının transfer gündəmində gözlənilməz hadisələr yaşanıb.
“Sabah”ın transfer etmək istədiyi Raphael Obermair və “Qarabağ”ın gündəminə daxil olan Nicholas Mickelson Azərbaycan klublarının təkliflərini rədd edib.
Gununsesi.info-nun məlumatına görə, Bakı təmsilçisi Obermairin keçidi üçün futbolçu tərəfinə təklif göndərib. Lakin 30 yaşlı almaniyalı futbolçu bu təklifi qəbul etməyib.
Hazırda “Paderborn”da çıxış edən Obermair Almaniya futbolunda kifayət qədər ciddi təcrübəyə malikdir. “Bayern II”, “Sturm Graz”, “Carl Zeiss Jena” və “Magdeburg” kimi klublarda forma geyinmiş futbolçu 2026-cı ildən Filippin millisinin də üzvüdür.
Digər tərəfdən, Nicholas Mickelson da “Qarabağ”ın təklifinə müsbət cavab verməyib.
27 yaşlı müdafiəçi hazırda Almaniyanın “Elversberg” klubunda çıxış edir. Norveçdə doğulan Mickelson karyerasının müxtəlif mərhələlərində Norveçin aşağı yaş milli komandalarında oynayıb, daha sonra Tayland millisinin formasını seçib.
Beləliklə, Azərbaycan futbolunun iki aparıcı klubu eyni vaxtda Avropada çıxış edən iki legioneri heyətinə qatmaq istəyib, lakin hər iki futbolçu təklifləri rədd edib. Obermair və Mickelsonun qərarının arxasında hansı səbəblərin dayandığı hələlik məlum deyil. Futbolçuların karyeralarını Almaniyada davam etdirmək istəməsi əsas variantlardan biri kimi qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl Obermairin “Sabah”ın, Mickelsonun isə “Qarabağ”ın transfer gündəmində olduğu barədə məlumatlar yayılmışdı. Azərbaycan klubları üçün isə transfer pəncərəsinin son günlərində yeni hədəflərə yönəlməkdən başqa yol qalmır.
Vüsal











