ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməkdə maraq göstərməyidiyini vurğulayıb.
USCIRF həmçinin “dini fəallara qarşı repressiyalar və Qarabağda dini məbədlərin qorunması ilə bağlı narahatlıq” ifadə edib.
Bu hesabat barədə Gununsesi.info-ya açıqlama verən araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bildirib ki, bu “hesabat” obyektivlikdən uzaq sənəddir.
“Hesabatda “dini fəallara qarşı repressiyalar” dedikdə İranın casus şəbəkəsinə qarşı keçirilən əməliyyatlar nəzərdə tutulursa, bu, nəhəng bir dövlət üçün biabırçı haldır”, – deyə o bildirib.
Qarabağdakı dini məbədlərin qorunması ilə “narahatlıq” məsələsinə gəldikdə isə jurnalist bildirib ki, ABŞ gərək 30 ilə qədər işğal dövründə ermənilərin Azərbaycanın dini abidələrinə qarşı törədiyi vandalism aktlarına münasibət bildirməli idi.
“Azərbaycanın Qarabağdakı dini abidələri erməni vandalları tərəfindən dağıdılıb. Məscidlərimiz ya yerlə yeksan olunub, ya da ermənilər tərəfindən təhqir olunub. Təəssüf ki, bu müddət ərzində ermənilərin vandallıq aktları barədə heç nə deməyənlər, indi özlərini erməni təəssübkeşi kimi göstərirlər”, – deyə o əlavə edib.
R.Mirhəşimli qeyd edib ki, tarix boyu Azərbaycanda müxtəlif mədəniyyətlər mövcud olub, bu mədəniyyətlər bir-biriləri ilə sosial və qarşılıqlı anlaşma baxımından əlaqələr qurub: “Bu mədəniyyətlərin Azərbaycanda yaşayan xalqlar və toplumlar arasında qarşılıqlı münasibətləri toleriantlıq mühiti ənənəsi ilə davam edib. Azərbaycan müxtəlif inanclara sahib olan insanların bir arada qarşılıqlı anlaşma şəraitində yaşayan unikal ölkələrdən biridir. Kilsələr, sinaqoqlar və məscidlər müxtəlif dini əqidəli insanların ibadət yeri olaraq bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycan da bu dini-mənəvi irsin nümunələri olan ibadət yerlərini layiqincə qoruyur.
Bu ölkədə mövcud olan hər mədəniyyətin müxtəlif xüsusiyyəti var və qarşılıqlı anlaşma, tolerantlıq içərisində uzlaşmaq çərçivəsində insanlar hər mədəniyyətdən müxtəlif şeylər qazanırlar”.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində məscid qarşısında atışma nəticəsində məscid imamı öldürülüb. Rəsul Mirhəşimli qeyd edib ki, öz ölkəsində dini əqidə sahiblərinin və inanclı insanların öldürülməsini görməzdən gələn bir ölkə başqalarına irad tutmaqla haqlı görünə bilməz.
“Yaxşı olar ki, bu cür hesabatları yayan dövlət bir çox Qərb ölkələrində İslamofobiya meyllərinin artmasından da narahatlığını ifadə etsin. Qəzzada dağıdılan məscid və kilsələrə görə bu bombardmanların durdurulmasını tələb etsin. Dünyanın bir yerində baş verən kütləvi qırğınlarda susub, başqa bir yerdə qüsur axtarmaqla nəyəsə nail olmaq mümkün deyil”, – deyə o bildirib.
Şəbnəm Rəhimova
Gununsesi.info