Ocağı yanan adamlar, başqa bir ocaq sahibinin ocağını söndürməyə çalışmasın - ƏFSƏLƏDDİN AĞALAROV DA İDDİALARA CAVAB VERDİ

  • By admin
  • 23 İyul 2017 14:10

afseleddin

Sosial şəbəkələrdə artan müzakirələr, dövlət başçısının mətbuat günündə 255 ailəyə verdiyi hədiyyəsi bir çoxları tərəfindən təhqirlərə, söyüşlərə məruz qalır. Anam yaşında qadınlar bizlərə qarğış edir, ölümümüzü arzulayırlar. Niyə? Səbəb ölkə başçısının verdiyi hədiyyəyə sahib olmağımızdır.

Mən Zəngilan rayonunda məcburi köçkün həyatı yaşayanda o insanlar qapılarına iki qıfıl vururdular ki, birdən hansısa “qaçqın” onlardan bir içim su istəyər. Öz uşaqlarını bizdən, öz həmvətənlərindən uzaq tuturdular. Səbəb isə bəlli idi. 3 il 4-cü mikrorayonda olan uşaq baxçasında iki ailə (əmimin ailəsi və bizim) eyni otağın içində yaşamışıq. İlk dəfə hərifləri nərd taxtasını dizimin üstünə qoyub orada yazaraq qavramışam.

Uşaq baxçasına çəkələyim olmadığı üçün buraxılmamışam. Bu mənim həyat hekayəmin girişidi. Bunu niyə yazdım? Qoy qarğış edənlər bilsinlər kimə edirlər. Allah zatən onlara bunu bildirəcək əminəm. Təhsilim, ölkəmə xidmətim və ortaya qoyduğum layihələr bəllidir. Biz bu ölkəni və bayrağı qarşılıqsız sevməyi itirdiyimiz torpaqlarda yaşaya bilmədiyimiz zamandan başlamışıq. Sözüm vicdanı və mənliyi hələ də ürəyini isidə bilən insanlaradır.

Ev həm də bir ocaqdır. Ocağı yanan adamlar, başqa bir ocaq sahibinin ocağını qarğışla söndürməyə çalışmasınlar. Allah o qarğışları qarğış edənin süfrəsinə gətirib çıxardar. Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. Artıq 2 il sonra bu bina tikilə də bilər. Bu qədər çirkinlik və iyrənclik nəyə lazımdır? Onsuzda Azərbaycanda yaxın gələcəkdə evsiz bir jurnalist belə qalamayacaq.

Prezidentin nəcib addımına kölgə salmaq istəyənlər unutmamalıdırlar ki, ölkə rəhbərinin iradəsi hər kəsə layiqli cavabdır. Azərbaycan dövlətinin əleyhinə iş aparanlar tərəfindən himayə edilənlər hər zaman olduqları kimi yenə layiqli cavablarını alacaqlar. Onlara dəstək olursunuzsa buyurun, bu bayrağa siz də xəyanət edin. Amma unutmayın. Bu cür “kölgə salma” siyasəti yalnız milçək vızıltısı effekti verə bilər.

Əfsələddin Ağalarov,

Jurnalist

Gununsesi.info