Odla oynayan Xəlil Rza

  • By admin
  • 10 Aprel 2023 22:29

Ötən əsrin 50-ci illərində Xəlil Rza poeziyaya odlu alovlu gəlmişdi və 60-cı illərdən başlayaraq Azərbaycan ədəbiyyatının “baş ağrısına” çevrilmişdi. Bu zaman o, artıq Moskvada Qorki adına ədəbiyyat institutunu bitirib (1957-1959) Bakıya qayıtmışdı. 1957-ci ildə onun “Bahar gəlir” adlı ilk şeirlər kitabı nəşr olunmuşdu. 50-ci illərdə o, Xəlil Xəlilov imzası ilə Sovet dövrünü tərənnüm edən bir sıra şerlər və poemalar (Məsələn “Kommunizm qəhrəmanları”) yazmışdı. 60-70-ci illərdə də hakim kommunist ideologiyası onu sıxandan özünü “təmizə” çıxarmaq üçün zəmanə ilə ayaqlaşan bədii nümunələr yazmışdı. Amma cəmiyyətin ayıq saxlanmasında, milli yaddaşın qorunmasına, milli ruhun diriliyində Xəlil Rzanın böyük xidmətləri olmuşdu. Xəlil Rza şair olmaqla yanaşı həm də alim idi. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945–1950)” mövzusunda namizədlik, 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Türkçü və turançı olduğu üçün onu səssiz-küysüz pedaqoji universitetdə tələbə auditoriyasından uzaqlaşdırıb Akademiyanın ədəbiyyat institutuna göndərmişdilər. Bu xidmətlərini yüksək qiymətləndirərək Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ilin aprel ayının 24-də ona prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun imzası ilə “Xalq şairi” fəxri adı verildi.

Xəlil Rzanın yadfikirliliyi 60-cı illərdən başlamışdı. 1963-cü ildə Moskvadan – Sov.İKP MK şöbəsindən Bakıya belə bir göstəriş gəlmişdi: Xəlil Rzanın mətbuatda dərc olunan şeir və poemaların rus dilinə sətri tərcümə edib partiya mərkəzi aparatında Azərbaycan üzrə kurator Yuri Starçenkoya göndərsinlər. Niyə mətbuatda dərc olunan şeir və poemalarının. Çünki 1959-cu ildə Xəlil Rzanın 84 səhifəlik “Sevən gözlər” kitabı nəşr olunduqdan sonra nəşriyyatlara gizli göstəriş verilmişdi onun kitablarını nəşr etməsinlər. Bu qadağa uzun müddət davam etdi.

Qlavlitin (Xəlil Əfəndiyev və digərlərinin arayışları), DTK-nın (yaradıcılıq təşkilatlaranın kuratorlarının məlumatları) arxivlərində Xəlil Rzanın əsərləri, yaradıcılığı və “arzuolunmaz” fəaliyyəti haqqında yazılanlar Sovet dövründə onun nəşr olunmuş əsərlərindən həcm etibarı ilə elə də az deyil. DTX onu addım-addım izləyirdi. Ədəbiyyat adamları öz aralarında deyirdilər “Xəlil odla oynayır”. Ona görə də bir çox “ziyalılar” ondan məsafə saxlamağa, qarşılaşmamağa, uzaq durmağa çalışırdılar. Amma Xəlil Rzaya rəğbəti olanlar da vardı. Bunun birincisi Əkrəm Cəfər idi. Çoxları belə hesab edirdilər Xəlil Rzanı Əkrəm Cəfər “bədbəxt” edib. Yaxud Qulu Xəlilov Azərbaycan jurnalında dərc olunmuş “Lirikamızda müasirlik” məqaləsində Xəlil Rzanı 60-cı il poeziyasının bir etalonu hesab etmişdi (daha çox “Apardı sellər Saranı” şeirinə görə) və onun bu qiyməti bəzi tənqidçilərdə ciddi etiraz doğurmuşdu. Şübhəsiz ki, onlar öz narazılıqların açıq və gizli imzalarla Mərkəzi Komitəyə çatdırmışdılar. Həmin dövrlərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru Qasım Qasımzadə də Xəlil Rzanın son dövrlərdə yazdığı poetik nümunələr yüksək qiymətləndirirdi.

60-cı illərdə Xəlil Rzanın toxunduğu mövzuların çoxu “qadağan” olunmuş olunmuş mövzular sayılırdı. “Azərbaycan” jurnalının məsul işçisi 1961-ci ildə Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseynə yazırdı ki, bu ilin avqust ayına qədər yuxarı təşkilatların göstərişlərini nəzərə alaraq Cənub mövzusunda yazılmış əsərləri çap edə bilmirdik. Xəlil Rzanın “Məftillə sarınmış yaralar” adlı poeması Cənub mövzusundadır. Odur ki, onu bu ilin avqustuna qədər çap edə bilməmişik. Əsəri oxutdurub Qlavlitə göndərmişik. Məsul əməkdaş əlavə edirdi k, Məmməd İbrahimin “Araz axır” adlı poeması 1961-ci il yanvarın 3-də redaksiyaya təqdim edilmişdir. Bu əsər də Cənub mövzusunda olduğuna görə müəllifə qaytardıq.

Lakin Qlavlit Xəlil Rzanın poemasının nəşrinə etiraz etdi. İdarənin başçısı Azərbaycan KP MK-ya məlumat verirdi ki, 1961-ci il fevralın 6-da “Azərbaycan” jurnalının redaksiyası Xəlil Rzanın “Məftillə sarınmış yaralar” adlı poemasını yoxlamaya göndərmişdir. Poemada İran azərbaycanlılarının ağır vəziyyəti üçün göz yaşı axıdılır. Müəllif yazır ki, vətən və millət iki yerə bölünmüşdür. Xəlil Əfəndiyev Xəlil Rzanın poemasından bəzi parçaları rus dilinə sətri tərcümədə məlumata daxil etmişdi. Onlardan biri belə idi:

 “Ürək dustaq, Vətən məhbəs,

 Hanı Babək, Cavanşir bəs?

 Həyat bu cür qala bilməz,

 O sahildə, bu sahildə!

 Nə həsrət, nə hicran olsun,

 Vahid Azərbaycan olsun!

 Qoy birləşsin, bir can olsun

      O sahil də, bu sahil də!

Senzor hesab edirdi ki, Xəlil Rzanın poemasının bu şəkildə dərc edilməsi partiyanın yuxarıda qeyd edilən gizli direktivinə ziddir və buna yol vermək olmaz.

1962-ci ildə Qlavlitin ciddi müqavimətinə baxmayaraq “Azərbaycan” jurnalının redaktoru Əbülhəsən özündə güc tapıb jurnalın 1962-ci ildə çıxan 3-cü nömrəsində Xəlil Rzanın şeirlərini dərc etdi və “Azərbaycan”ın məsələsini Mərkəzi Komitənin Bürosuna çıxartmalı oldular. Bürodakı müzakirədə Xəlil Rzanın jurnalda dərc olunmuş “Ana dili” şeiri milli məhdudluq kimi qiymətləndirilmişdi. Çünki 1958-1959-cu illədə keçmiş rəhbərli elə bu ana dili üstündə yanmışdı. Sayıqlığın itirdiyinə görə Əbülhəsənə xəbərdarlıq edildi və az sonra o, jurnalın rəhbərliyindən uzaqlaşdırıldı. Yazıçılar İttifaqına tapşırıldı ki, Xəlil Rzaya nəzarəti gücləndirsinlər.

Həmin vaxt Xəlil Rza “Ana dili” şeirini və rəsmi ideologiyaya uyğun gəlməyən bir sıra çap olunmamış digər şerlərini Qulu Xəlilov və Oruc Qoşqarlı ilə birlikdə Astara, Lənkəran, Masallı və digər rayonlarda oxucularla keçirilən görüşlərdə oxumuşdu. Yazıçılar İttifaqı Rəyasət Heyətinin 1962-ci il martın 14-də keçirilən iclasında Mehdi Hüseyn Xəlil Rzanın ədəbi gecələrdə onun sərəncamına verilmiş tribunadan düzgün istifadə etmədiyini bildirdi və bir daha belə çıxışlar etməməyi ona təklif etdi. Rəyasət Heyətinin iclasında qərara alındı ki, Xəlil Rzanın bundan sonra oxucularla görüşə tək deyil, şairlərlə birgə getməsi məqsədəuyğundur. Lakin bundan 10 gün sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçirilən görüşdə Xəlil Rza “Müşfiqi öldürənlər azad gəzir” şeirini oxumuşdu və bu şeir də qalmaqala səbəb olmuşdu. Bu barədə Məmməd Rahim aprelin 2-də respublika prokuroru Qambay Məmmədova yazdığı ərizədə məlumat verirdi və qeyd edirdi ki, “martın 23-24-də APİ-də olan ədəbi gecədə millətçi şeirlər müəllifi Xəlil Rza “Müşfiqi öldürənlər azad gəzir” deyə öz fitnəkar şeirini oxumuşdur.” Məmməd Rahim bu ərizənin surətini MK katibi Xasay Vəzirova da göndərmişdi. Xəlil Rzanın məsələsi 1962-ci ilin aprel ayının 11-də Yazıçılar İttifaqının Rəyasət heyətində müzakirə ediləndə bir sıra yaşlı yazıçı və şairlər açıq-açığına dedilər ki, Xəlil Rza millət qəhrəmanı olmaq iddiasına düşüb. Amma Bəxtiyar Vahabzadə bunlara cavab olaraq dedi ki, mən Xəlil Rzanın şeirlərində millətçilik görmürəm.

Müzakirədən sonra Yazıçılar İttifaqının katibləri kimi İmran Qasımov və Nəbi Xəzri Rəyasət Heyətinin iclasından sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinə göndərdikləri arayışda Xəlil Rza ilə bağlı görülmüş tədbirlər haqqında məlumat verdilər. Orada göstərilirdi ki, Xəlil Rzanın Astara, Lənkəran və Masallı rayonlarında ədəbi-bədii gecələrdə ona verilmiş tribunadan sui-istifadə halları İttifaqın katibliyində yekdilliklə mühakimə edilmişdir. Eyni zamanda, onlar yazırdılar ki, İttifaqın Rəyasət Heyətinin iclasında Xəlil Rzaya xəbərdarlıq edilmiş, “Azərbaycan” jurnalının fəaliyyəti müzakirə edilən zaman digər səhvlərlə yanaşı Xəlil Rzanın ideya cəhətdən qüsurlu şeirlərini dərc etdiyinə görə redaksiya heyəti tənqid edilmişdir.

Rəyasət Heyətinin iclasından sonra vəziyyəti “normallaşdırmaq” məqsədilə Xəlil Rzanı bir aylıq gözdən və qulaqdan uzaq olan Neft Daşlarına yaradıcılıq ezamiyyətinə göndərdilər. Və DTK-nin ədəbiyyata “yaxın” olan bir əməkdaşı da eyni vaxtda gizli şəkildə ora ezam edildi. Xəlil orada öz millətçi şeirlərini Xəzər sularına oxudu… DTK-nın və Yazışılar İttifaqının Xəlil Rzanı cəzalandırmaq haqqında təklifləri Mərkəzi Komitədə müzakirə ediləndə Vəli Axundov dedi ki, inzibati tənbehlərə ehtiyac yoxdur Xəlil Rzanı tərbiyə etmək lazımdır…

Ardı var…

Cəmil Həsənli

Tarix elmləri doktoru, professor