Ögey qızını vəhşicəsinə öldürən şəxs həbs olundu

  • By admin
  • 01 Avqust 2017 13:40

hebs_0451

Ögey qızını qulağından tutub, divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə davam edib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edərək Elnar Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.

28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduqdan sonra ləyəni aparmağı ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqovanı qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.

Bundan başqa, Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki,  iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

Report-un xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info