“Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində nazirin və baş prokurorun qəbuluna yazılmaq istəsək də, bizi yaxına qoymurlar. Deyirlər ki, sizin oğlunuzun işi artıq bitib. Bəzi nazirlər vətəndaşları, ümumiyyətlə, qəbul etmirlər. Baxmayaraq ki, bu qurumların rəsmi saytlarında nazirlərin qəbulu bəlli tarixdə və saatda göstərilir. Nazirliklərin əməkdaşları isə vətəndaşlara kömək etmək əvəzinə, onlarla kobud rəftar edirlər. Axı, cənab prezidentimiz həmişə deyir ki, məmurlar vətəndaşları qəbul edib, dinləsinlər. Bizi isə dinləyən məmurlar hər dəfə deyirlər ki, gedin 3 günə cavabını sizə deyəcəyik. Cavab isə heç vaxt olmur”.
Bu haqda Gununsesi.info-ya keçmiş döyüşçü, şərlənərək həbs olunduğunu deyən Həmid Əliyevin anası Minayə Əliyeva bildirib.
Məmur süründürməçiliyindən şikayətlənən M.Əliyeva qeyd edib ki, yalnız Ombudsman Aparatının əməkdaşları onları dinləyib, səlahiyyətləri çərçivəsində kömək ediblər: “Bəzi nazirlər vətəndaşı qəbul etmirlər. Vətəndaş neyləməlidir, sözünü, şikayətini harda deməlidir? Nazir qəbul etməsin, Ali Məhkəmənin sədri qəbul etməsin, şöbə müdiri qəbul etməsin, bəs bunların vəzifəsini kim icra etsin? Oğlumu günahsız həbs ediblər, kimə deyirəm, deyir ki, gecdir daha, oğlun buraxılsa, nə qədər adam işdən atılmalıdır. Atılsın da. Vətəndaşları hökümətdən narazı salan məmur, polis elə işindən atılsa yaxşıdır. Bunların qərəzli münasibəti, tələb edilən rüşvətin verilməməsi sayəsində günahsız insanlar məhbəs həyatı yaşayır. Oğlumun yerində cəza çəkməli olan Məhəmməd Mustafa oğlu Nəsibov isə 20 000 AZN müqabilində azadlıqdadır. Oğlum Vətən üçün döyüşüb, qanını töküb, lazım olsa, yenə döyüşər, amma Məhəmməd Nəsibov kimi milləti zəhərləyən insanlar yenə küncdə-bucaqda gizlənəcəklər. Biz haqqın, ədalətin bərpa olunmasını istəyirik. Həmidin azyaşlı qızı xərçəng xəstəsidir. Ailəmiz rüşvət vermək itidarında olmadı deyə, başçısını itirib. Kimdən kömək istəyəcəyimizi isə bilmirik. Yeganə ümid yerimiz prezidentdir. Bəzi nazirlər yalnız prezidentimizin qarşısında hesabat verəndə vətəndaşa guya xidmət göstərdiklərini söyləyirlər. Əslində isə vətəndaşın haqqını və hüquqlarını tapdalayırlar. Bir insan hüquqlarının bərpa olunması üçün kimə müraciət etməlidir, prezidentə? Bəs nazirlər nə üçündür?”.
Qeyd edək ki, keçmiş döyüşçü Həmid Əliyevin günahsız həbs edildiyini bildirən anası və həyat yoldaşı dəfələrlə bir sıra nazirliklərin və dövlət qurumlarının qarşısında etiraz əlaməti olaraq intihara cəhd ediblər.
Xatırladaq ki, Qazax rayon sakini, Qarabağ müharibəsi veteranı Həmid Əliyev 2015-ci il aprelin 25-də axşam saatlarında yaşadığı Binəqədi rayonu ərazisində Nəsimi Rayon Polis əməkdaşları tərəfindən üzərində baxış keçirildikdən sonra saxlanılıb. Həmid Əliyevin həyat yoldaşının sözlərinə görə, taksi sürücülüyü ilə məşğul olan Həmid Əliyevə həmin gün həmyerlisi Məhəmməd Mustafa oğlu Nəsibov adlı şəxs ona balaca bir çanta verib, Qazaxda onu qardaşına çatdırmasını xahiş edib. Lakin həmin gün sərnişin olmadığından o, Qazax rayonuna gedə bilməyib. Məhəmməd adlı şəxsə zəng edib deyib ki, adam yoxdur deyə, Qazağa gedə bilmirəm, gəl çantanı geri apar. Məhəmməd Nəsibov telefonda gəlib çantanı götürəcəyini desə də, həmin gün gəlməyib. Daha sonra isə axşam saatlarında “Favorit” marketdən çay və siqaret alıb çıxarkən Həmidin qarşısını 2 nəfər mülki geyimli şəxs kəsib və üzərində axtarış aparacaqlarını deyiblər. Sonra isə onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Avtomobilindəki Məhəmməd Mustafa oğlu Nəsibova məxsus kiçik bağlamanı Həmid Əliyevin və hal şahidlərinin iştirakı olmadan açıb baxış keçiriblər. Daha sonra isə Həmidə həmin bağlamada narkotik maddə olduğunu bildiriblər. Elə oradaca polis əməkdaşları dinləmə vasitəsiylə Həmid Əliyevin və Məhəmmədin telefon bağlantısını qurublar. Məhəmməd Mustafa oğlu Nəsibov telefon danışığı zamanı etiraf edib ki, bağlama ona məxsusdur və götürməyə gəlir. Görüş yeri təyin edilir, Məhəmməd Nəsibov bağlamanı Həmiddən geri alarkən polis əməkdaşları tərəfindən həbs edilir. 3 saat polis idarəsində saxlanıldıqdan sonra M.Nəsibov arxa qapıdan buraxılıb. Həmid Əliyevin sözlərinə görə, M.Nəsibovun hayına gələn qohum-qardaşı deyib ki, 20 000 pul verib Məhəmmədi içəridən çıxaracaqlar. “Gedin siz də bir 20 min tapın gətirin, onu da çıxardaq. Lakin biz bildirdik ki, Həmidin heç bir günahı yoxdur və nəyə görə gedib borc-xərc edib kiməsə pul verməliyik. Polis əməkdaşları Həmidə demişdilər ki, Məhəmmədə zəng elə, pul gətirsin səni də çıxarsın. Həmidə məxsus 050-381-82-44 nömrəli mobil telefondan M.Nəsibova məxsus 050-878-06-18 nömrəli mobil telefona 70-dən çox zəng edilib və bu haqda əlimizdə sorğunun nəticəsi var. M.Nəsibov ona yalan vəd verib, lakin gəlib çıxmadığına görə Həmid Əliyevi Nəsimi Rayon Məhkəməsinə aparıb haqqında 2 ay həbs qətimkan tədbiri gördülər. İstintaq əməliyyatları zamanı Həmid ona qarşı qurama cinayət əməli aparıdığını bildirib, ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Lakin istintaq özü də onun günahkar olmadığını bilsə də, azad etmədilər”.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində də təqsirləndirilənlər və şahid qismində dindirilənlər Həmidi tanımadıqlarını, ondan narkotik maddə almadıqlarını söyləsələr də, hakim bunu dəstənin bir-birini müdafiəsi kimi göstərib ona 10 il həbs cəzası verilib. Lakin narkotik vasitənin tapıldığı bağlamanın sahibi M.Nəsibovun adı nə ibtidai, nə də məhkəmə istintaqı zamanı ortaya çıxdı. Həmid Əliyev bildirib ki, evimizdə axtarış aparılmadığı halda, həmçinin kirayə yaşadığımız mənzil Binəqədi rayonu ərazisində yerləşsə də Nəsimi Rayon Polis İdarəsinin qurama cinayət işinə haqq donu geyindirmək üçün saxtakarlığa yol verilib. Belə ki, guya kirayədə qaldığımız mənzilin Nəsimi rayonu 4 mikrorayon, M.Cəlal küçəsi 54 saylı binada yerləşdiyini göstərdilər. Əslində isə Binəqədi rayonu, 9-cu mikrorayon M.Cəlal küçəsi 131 saylı binanın 14-cü mənzilində kiyarə yaşamışıq. Cinayət işində hər şey qurama olduğundan bütün bunlarla bağlı sorğu əsasında dəlil və sübutları toplamışıq. Lakin hakim R.Əliyev məhkəmə istintaqı zamanı təqdim edilən dəlil və sübutlara əhəmiyyət belə vermədi.
Xatırladaq ki, hazırda Həmid Əliyev 10 saylı cəzaçəkmə müəssisəsindədir. O iyunun 5-dən ölüm aclığına başlayıb. Yaxınlarının xahişindən sonra ölüm aclığını dayandıran Həmid Əliyev haqqının və hüquqlarının bərpa olunmasını, qondarma cinayət işinin üzərindən götürülməsini tələb edir.
Gülnaz Qənbərli
Gununsesi.info