Açıq Hökumət Tərəfdaşlığının (Open Government Partnership (OGP) Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövcud vəziyyət müzakirə olunaraq, daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb.
Gununsesi.info OGP-nin rəsmi saytına istinadən xəbər verir ki, təşəbbüsün rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehinə, 1 üzv əleyhinə səs verib və 2 üzv isə bitərəf qalıb.
İqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edir ki, beləliklə də Azərbaycan hökuməti vətəndaş cəmiyyəti tərəfindən qaldırılmış narahatlıqları həll etmək üçün daha 1 illik dövrə malik olacaq.
Qeyd edək ki, OGP-nin Rəhbər Komitəsi Standartlar və Meyarlar üzrə alt komitəyə tapşırmışdır ki, bu ilin sentyabrın 15-dək həll edilməmiş problemləri aradan qaldırmaq məqsədilə vətəndaş cəmiyyəti və hökumətlə məsləhətləşmə aparıb yenilənmiş bir sıra tələblər hazırlasın. Eyni zamanda, Rəhbər Komitə qərara almışdır ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətləşmə başa çatandan sonra hesablanacaq.
Komitənin yaydığı bəyanata görə, Azərbaycan qeyri-aktiv statusunda qalaraq seçkilərində səs vermək hüququna malik olmayacaq və yalnız OGP tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatılacaq.
Vüsalə Rüstəmova
Gununsesi.info