Oğurlanan körpü bu imiş

Daxili İşlər Nazirliyinin (DİN) bu gün yaydığı məlumata görə, Göygöl rayonunun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpü oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

İki rayonu birləşdirən körpünün oğurlanması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Gununsesi.info xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətindən Modern.az-a oğurlanan körpünün sosial şəbəkələrdə deyildiyi kimi, elə də böyük olmadığı bildirilib.

İcra Hakimiyyətindən deyilib ki, oğurlanan körpü köhnə dəmir relslərindən hazırlanıb və iki metr uzunluğunda olub.

Məlumata görə, körpü kiçik olsa da, kənd sakinləri oradan istifadə edərək, mal-qaraları otlaq sahəsinə aparırmışlar.

Qeyd olunub ki, sözügedən körpü rayonlar arasında olan gediş-gəliş üçün nəzərdə tutulmayıb.

Gununsesi.info