Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə,Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Ədalət Ələkbərovun “VAZ-2106” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbli tutulub. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 13-dən martın 10-dək olan müddətdə daha 7 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də şəhər ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tapdıq İbrahimov və Amil Əzimov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların ötən il daha 6 evdən pul, qızıl və məişət əşyaları, 3 mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı, habelə 2 nəfərin ciblərindən pul oğurlamaları da müəyyən edilib.
Eyni zamanda Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən martın 16-da mağazalardan birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Səfiyev və Şirvan şəhər sakini Surxay Seyfullayev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların həmin gün gözəllik salonlarından birindən qızıl üzük, fotoaparat və səsgücləndirici oğurlamaları da müəyyən edilib.
Anar
Gununsesi.info